
ABŞ-nin Nyu-York şəhərində əfsanəvi Azərbaycan futbolçusu və məşqçisi Anatoli Banişevski adına ənənəvi turnir keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, yarış futbolçunun yetirməsi və dostu, Nyu-Yorkda fəaliyyət göstərən veteran futbolçu, SSRİ idman ustası Arif Zərbailovun təşəbbüsü, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası, Nyu-York İdman Veteranları Assosiasiyası, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və "My Way" Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzininin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirdə fəxri qonaq qismində çıxış edən ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançı, qaydasız döyüş növü (MMA) üzrə Avropa, Amerika və dünya çempionu Elgün Xanoğlanlı Banişevskinin uğurlu karyerası barəsində danışıb, qonaqlara onun Azərbaycan futbolununa töhfələri haqqında məlumat verib. E.Xanoğlanlı qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycan idmanının və dünyaca məşhur idmançılarının ABŞ-də tanıdılması üçün səylərini davam etdirir.
Turnirdə fəxri qonaqlar arasında Azərbaycanın veteran futbolçusu, “Nefçi” komandasının qapıcılarından olmuş Əsəd Əliyev də iştirak edib.
Oyundan öncə ABŞ və Azərbaycanın Dövlət himnləri səslənib.
Bu il onuncu dəfə keçirilən turnirin final mərhələsində ABŞ-də yaşayan, keçmiş SSRİ-nin müxtəlif icmalarınn nümayəndələrindən təşkil olunmuş "Neftçi", "Dinamo Tbilisi", "Alqa Bişkek", "Pamir Düşənbə", "Dnepr" və Nyu-Yorkun "Kosmos" komandaları mübarizə aparıblar.
Turnirdə 12 komanda iştirak edib və finalda "Bridgeview Soccer Academy" və "My Way" qarşılaşıb. Final oyununda "Bridgeview Soccer Academy" qalib olub.
Böyüklər arasında keçirilən və peşəkar futbolçuların iştirak etdiyi turnirdə 6 komanda yarışıb, onlardan üçü - "Neftçi", "Dinamo Tbilisi" və Nyu-Yorkun "Kosmos" komandaları finala çıxıb. "Dinamo Tbilisi" turnirin çempionu olub. Ötən ilki turnirin çempionu olan "Neftçi" komandası isə bu il üçüncü yerlə kifayətlənib.
Turnirin sonunda qalib gələn komandalar Banişevski kubokuyla təltif olunub. Turnirin iştirakçılarına xatirə medalları təqdim olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.