
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” layihəsinin həyata keçirilməsinə başlanıb. Layihə çərçivəsində Bakı, Quba, Zaqatala, Gəncə və Lənkəran şəhərlərində 100 nəfər mikro və kiçik sahibkara təlimlər keçirmək nəzərdə tutulub.
"Report" xəbər verir ki, layihənin icraçısı İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyidir.
Təşkilatçıların məlumatına görə, birgə işə sərmayə cəlbində ideya sahibləri olan təşəbbüskarların başlıca problemləri öz biznes ideyalarını yazı halına gətirərək sərmayədarların qarşısına sanballı İnvestisiya layihəsi qoya bilməməsi belə bir layihənin həyata keçirilməsinə zəmin yaradıb.
Proqram çərçivəsində sahibkarlara Azərbaycanda mövcud olan P2P (investor və təşəbbüskarın tərəfdaşlığı) maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat veriləcək investisiya layihəsinin yazılması qaydası praktiki olaraq öyrədiləcək.
Təlimi bitirənlər öz biznesləri üçün investisiya cəlbi üçün ideyalarını layihə formasına salmaq bacarığına yiyələnəcəklər. Qeyd edək ki, təlimlərdə respublikanın bütün bölgələridnən maraqlananları cəlb etmək üçün 5 treyninq onlayn olaraq təşkil olunacaq.
Layihə çərçivəsində “Şərikli biznes” kitabı da nəşr olunacaq. Kitabda şərikliyin dağılması səbəbləri, uğurlu ortaqlığın qurulması yolları barəsində ətraflı məlumat veriləcək. Bununla yanaşı real həyatdan götürülmüş şərikli biznes üzrə sahibkarlıq hekayələri də nəşrdə öz əksini tapacaq.
Layihənin icrası üçün 3 ay nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.