
Son aylarda Bakının daşınmaz əmlak bazarında maraqlı tendensiyalar müşahidə olunur. Əvvəllər mərkəzi ərazilərdə yerləşən mənzillərin daha sürətlə satıldığını görsək də, hazırkı vəziyyətdə əksinə, satış prosesi nisbətən zəifləyib.
İqtisadçı ekspert Vüqar Oruc AVESTA.AZ-ə açıqlamasında bildirib ki, bu hal mərkəzdə qiymətlərin daha yüksək olması ilə bağlıdır:
"Bu o demək deyil ki, mərkəzdə alqı-satqı yoxdur, sadəcə satış tempi əvvəlki qədər sürətli deyil".
Onun sözlərinə görə, hazırda Nərimanov, Xətai, Yasamal və Nəsimi rayonlarında yerləşən mənzillər daha tez satılır. Ən çox tələbat isə bir otaqlı mənzillərədir. Buna səbəb onların investisiya baxımından daha sərfəli olmasıdır.
Ekspert əlavə edib ki, Bakıətrafı ərazilərdə də bağ evlərinə maraq böyükdür:
"Mərdəkan, Bilgəh, Novxanı kimi ərazilərdə yerləşən bağ evlərinin qiymətləri də kifayət qədər yüksək həddədir".
Onun qənaətinə görə, yaxın dövrdə qiymətlərin enməsi ilə bağlı proqnoz yoxdur, bazarda artımın davamlı olacağı gözlənilir.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.