
"Mövcud qanunvericiliyin tələblərinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin idarə edilməsinə 14 yaşdan sonra hüquq yaranır. Aşağı yaşda bu tip nəqliyyat vasitəsini idarə edən şəxs aşkar edildikdə onunla bağlı profilaktiki söhbətlər aparılır. Çünki yaş aşağı olduğu üçün valideynləri dəvət olunur, azyaşlıların bu hərəkətinin bir növ qarşısı alınır".
Bu sözləri AVESTA.AZ-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib.
O əlavə edib ki, yol hərəkəti qaydalarını bilməyən bir şəxsin yol nəqliyyat hadisəsinin iştirakçısına çevrilməsi real zəmin yaradır:
"Bu baxımdan valideynlər məlum məsələdə diqqətli olmalıdır. Nəzərə almaq lazımdır ki, bəzi yerlərdə hətta velosiped zolağı yoxdur. Çünki qanunvericiliyin tələblərinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin həmin zolaqdan istifadə etməsinə yol verilir
Bəzən müraciətlər daxil olur ki, bu tip nəqliyyat vasitələrini idarə edən şəxslər səkilərdə də hərəkət edərək piyadaların hərəkətinə maneə yaradırlar. Daxili İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında yol nəqliyyat hadisələrinin baş verməsi ilə bağlı görüntülər paylaşılır və bu görüntülər bir növ təbliğat xarakterlidir ki, digər bu tip nəqliyyat vasitələrini idarə edənlər - avtomobil, sərnişin avtobusu idarə edənlər mütləq şəkildə diqqətli olsunlar. Yol hərəkəti qaydalarının pozulması ağır, bədbəxt hadisələrlə nəticələnir.
Təəssüflər olsun ki, edilən xəbərdarlıqlara, bəzi hallarda həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, sürücülər bir növ kiçik elektrik nəqliyyat vasitələrinə əyləncə vasitəsi kimi yanaşırlar. Sonda bu, ölüm və xəsarətlərlə nəticələnir.
Velosiped zolaqları ilə bağlı qeyd edim ki, paytaxt ərazisində müəyyən küçə və prospektlərində zolaqlar salındıqdan sonra cari ilin doqquz ayı ərzində ümumilikdə velosipedlərin iştirakı ilə iki yol nəqliyyat hadisəsi baş verib və nəticədə iki velosipedçi xəsarət alıb. Əlavə olaraq qeyd edim ki, həmin o zolaqdan velosiped, moped və kiçik elektrik nəqliyyat vasitələri istifadə edə bilər. Motosikletlər daxil olduqları təqdirdə artıq barələrində qanunamüvafiq tədbirlər həyata keçirilir.
Yəni əgər iki təkərli nəqliyyat vasitəsi qeydiyyat nişanı ilə təmin olunubsa və həmin zolaqdan istifadə edirsə, bu, qayda pozuntusudur və xüsusi texniki vasitə ilə, eyni zamanda ərazidə xidmət aparan əməkdaşımız tərəfindən vizual şəkildə aşkar olunduğu təqdirdə həmin sürücü inzibati məsuliyyətə cəlb olunacaq".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.