
Dərmanları düzgün saxlamamaq - məsələn, mətbəxdə və ya hamam otağında saxlamaq - onların təsirini azalda və hətta sağlamlığa zərər verə bilər.
BAKU.WS "Gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə Piroqov Universitetinin Rusiya Gerontologiya Elmi-Klinik Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor, RAN-ın müxbir üzvü Olqa Tkaçova danışıb.
"Xüsusilə dərmanların düzgün şəraitdə saxlanılmasına diqqət yetirmək vacibdir. Yaşlı insanlar unutqanlıq səbəbindən preparatları tez-tez masanın üstündə, hamamda və ya mətbəxdə saxlayırlar.
Halbuki bu məkanlarda yüksək temperatur, rütubət və buxar dərmanların tərkibini dəyişir. Hər bir dərman, təlimatda göstərilən qaydalara əməl edilmədikdə, faydasız və ya hətta zərərli ola bilər.
Artan rütubət, istilik və birbaşa günəş şüası dərmanın aktiv maddələrini məhv edə bilər", – deyə həkim bildirib.
Tkaçova əlavə edib ki, vaxtı keçmiş və ya rəngi, qoxusu, konsistensiyası dəyişmiş dərmanlar mütləq utilizasiya edilməlidir. Onun sözlərinə görə, bir çox yaşlı insanlar bunu etmir.
"Korlanmış dərmanların təsadüfən qəbul edilməməsi üçün evdəki dərman qutusunu mütəmadi yoxlamaq və vaxtı keçmiş preparatları atmaq vacibdir. Dərmanlar üçün ayrıca bir şkaf və ya qutu ayırın.
Onları hamamda, mətbəxdə və ya pəncərə kənarında saxlamayın. Ən optimal yer quru, sərin və günəş işığından qorunan yerdir. Əgər qablaşdırmada "sərin yerdə saxlamaq" qeyd olunubsa, dərmanı soyuducuya qoymaq olar, lakin dondurmaq olmaz.
Hapları öz orijinal qablarında saxlamaq, müxtəlif dərmanları eyni flakona yığmamaq vacibdir - bu, qarışıqlıq yarada bilər.
Dərmanların son istifadə tarixini mütəmadi yoxlayın və vəziyyətinə nəzarət edin," – deyə həkim vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.