
"Snapchat" platformasının sahibi olan Snep şirkəti xərcləri azaltmaq və süni intellektə keçidi sürətləndirmək məqsədilə 1000 nəfəri işdən çıxaracağını açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, bu ixtisar şirkətin ümumi işçi qüvvəsinin təxminən 16 faizini təşkil edir. Eyni zamanda 300-dən çox vakant iş yeri üzrə işə qəbul prosesi də dayandırılıb. Şirkət rəhbərliyi bildirir ki, qərar əməliyyatların daha səmərəli təşkili və xərclərin azaldılması strategiyasının tərkib hissəsidir.
Açıqlamaya görə, şirkətdə artıq proqram təminatının 65 faizdən çoxu süni intellekt vasitəsilə hazırlanır. Bu isə iş prosesində ciddi dəyişikliklərə səbəb olub və insan resurslarının daha mürəkkəb sahələrə yönəldilməsi planlaşdırılır.
Şirkətin baş direktoru Evan Şpiqel qeyd edib ki, görülən tədbirlər nəticəsində ilin ikinci yarısına qədər illik xərclərdə 500 milyon dollardan çox qənaət əldə olunacaq.
Qeyd olunur ki, ixtisar qərarı investorların təzyiqinin artdığı bir dövrdə qəbul edilib. Xüsusilə artırılmış reallıq layihələrinə ayrılan böyük vəsait tənqid olunur. Şirkət ixtisarlarla bağlı kompensasiya və digər xərclərin ikinci rübdə 95–130 milyon dollar arasında olacağını proqnozlaşdırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.