
Bakı Təşəbbüs Qrupu bəyan edib ki, Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşı həyata keçirilən siyasət təkcə etnik ayrı-seçkiliklə məhdudlaşmayıb, həm də sistemli müstəmləkəçi yanaşmanın tərkib hissəsi olub.
AVESTA.AZ xəbər verir ki, qurumun açıqlamasında bildirilir ki, azərbaycanlılar müxtəlif dövrlərdə, o cümlədən 1905–1906-cı illərdə, 1918-ci ildə və sonrakı mərhələlərdə kütləvi zorakılıqlara, etnik təmizləməyə və hüquqlarının pozulmasına məruz qalıb. Bu proseslərin kolonial siyasətin davamı kimi qiymətləndirildiyi vurğulanıb.
Bəyanatda qeyd olunub ki, Ermənistan SSR dövründə aparılan siyasət nəticəsində azərbaycanlılar mərhələli şəkildə öz tarixi torpaqlarından sıxışdırılıb, mədəni və dini irs sistemli şəkildə məhv edilib. Xüsusilə 1948–1953-cü illərdə həyata keçirilən deportasiya zamanı 150 mindən çox azərbaycanlının doğma yurdlarından köçürüldüyü bildirilib.
Sənəddə həmçinin vurğulanıb ki, azərbaycanlılara məxsus toponimlər dəyişdirilib, yaşayış məntəqələri və mədəni abidələr dağıdılıb və ya özgələşdirilib. Bu prosesin yalnız fiziki köçürmə ilə deyil, həm də tarixi yaddaşın silinməsi ilə müşayiət olunduğu qeyd edilib.
Bəyanata əsasən, 1987-ci ildən etibarən Ermənistanın ərazi iddiaları fonunda 250 mindən çox azərbaycanlı zorla öz doğma torpaqlarından çıxarılıb. Bununla da Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin başa çatdırıldığı iddia olunub.
Qurum əlavə edib ki, bu siyasət digər etnik və dini azlıqlara da təsir göstərib və ölkədə monoetnik mühitin formalaşmasına gətirib çıxarıb. Eyni zamanda Azərbaycanın ərazilərinin 20 faizinin işğal edildiyi xatırladılıb.
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları təşkilatlarını və BMT daxil olmaqla aidiyyəti qurumları bu məsələyə obyektiv qiymət verməyə çağırıb.
Qeyd olunub ki, davamlı sülh yalnız tarixi ədalətsizliklərin etirafı, insan hüquqlarına hörmət və məcburi köçkünlərin hüquqlarının bərpası əsasında mümkün ola bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.