
Meksikanın şimalındakı Çiuaua ştatında aprelin 19-da həlak olan iki amerikalı agentin Latın Amerikası ölkəsinin ərazisində əməliyyat tədbirlərində iştirak etmək üçün rəsmi icazəsi olmayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Meksika Təhlükəsizlik Kabinetinin və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.
"İki xarici vətəndaşa gəlincə, onların heç birinin milli ərazidə əməliyyat tədbirlərində iştirak etmək üçün rəsmi akkreditasiyası olmayıb", - bəyanatda qeyd olunub.
Bildirilib ki, Meksika hakimiyyətinin xarici agentlərin fəaliyyəti və ya ölkə daxilindəki əməliyyatlarda fiziki olaraq iştirak etmək niyyətləri barədə məlumatı olmayıb. Mövcud miqrasiya qeydlərinə əsasən, həlak olan amerikalılardan biri Meksikaya "işləmək hüququ olmayan ziyarətçi" statusunda daxil olub, ikincisi isə ölkədə diplomatik pasportla olub.
Meksika hökuməti xatırladıb ki, milli qanunvericilik xarici agentlərin ölkə ərazisindəki əməliyyatlarda iştirakını son dərəcə aydın və qəti şəkildə qadağan edir. Bu sahədə beynəlxalq əməkdaşlıq yalnız suverenliyə mütləq hörmət olunmaqla, məlumat mübadiləsi və texniki qarşılıqlı fəaliyyət mexanizmləri vasitəsilə həyata keçirilir. Hazırda baş vermiş hadisə faktı üzrə ABŞ səfirliyi ilə koordinasiyalı şəkildə yoxlamalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.