
Fransanın sabiq prezidenti ilə bağlı diqqət çəkən hüquqi qərar verilib.
AVESTA.AZ Fransanın "RTL" radiostansiyasına istinadən xəbər verir ki, 2007–2012-ci illərdə ölkəyə rəhbərlik etmiş Nikola Sarkozi seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə cəzasının bir hissəsini çəkdikdən sonra şərti azadlığa buraxılıb.
Məhkəmə sabiq prezidentin cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciətini təmin edib. Qərara əsasən, Nikola Sarkozi artıq cəzasını çəkdiyi müddətdə taxmalı olduğu elektron nəzarət qolbağından azad olunub.
Qeyd edək ki, bu məhkəmə prosesi ictimaiyyətdə "Bygmalion işi" kimi tanınır. Araşdırmalar zamanı müəyyən edilib ki, sabiq prezidentin 2012-ci il seçki kampaniyası üçün qanunla müəyyən olunmuş maliyyə limiti ciddi şəkildə aşılıb. İstintaq materiallarına əsasən, kampaniya xərcləri icazə verilən həddən təxminən iki dəfə çox – 42,8 milyon avro təşkil edib.
Xatırladaq ki, Nikola Sarkozi hələ 2016-cı ildə bu pozuntulara görə ittiham olunmuşdu. 2024-cü ilin fevralında isə Paris Apelyasiya Məhkəməsi onu təqsirli bilərək bir il həbs cəzasına məhkum edib. Həmin cəzanın altı ayı real olaraq icra olunub, qalan hissəsi isə şərti hesab edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.