
İran Hörmüz boğazı vasitəsilə yük daşımaq istəyən gəmiçilik şirkətləri üçün ödənişi "Bitcoin"lə olan "Hormuz Safe" ("Təhlükəsiz Hörmüz") sığorta xidmətini işə salıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik ABŞ hərbçilərinin qiymətləndirmələrinə istinadən bildirir ki, may ayının əvvəlinə olan vəziyyətə əsasən, Fars körfəzində çətin vəziyyətdə qalmış 1 500-dən çox kommersiya gəmisi olub.
"Fars" agentliyi tərəfindən dərc olunan skrinşotda xidmətin İran gəmiçilik şirkətləri və yük sahibləri üçün əlçatan olacağı bildirilir. Şərtlərə əsasən, Fars körfəzi, Hörmüz boğazı və ətraf sulardan keçən daşımalar üçün kriptoqrafik təsdiqli sığorta polisləri təqdim ediləcək, ödənişlər isə "Bitcoin"lə həyata keçiriləcək.
İran uzun müddətdir ki, ABŞ sanksiyaları altındadır və məhdudiyyətlərdən yayınmaq üçün kriptovalyutalardan, xüsusən də "Bitcoin"dən aktiv istifadə edir. Aprelin sonunda ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan etmişdi ki, "İqtisadi qəzəb'" əməliyyatı çərçivəsində ABŞ İrana məxsus 500 milyon dollara yaxın kriptovalyutanı müsadirə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.