
Harvard Tibb Məktəbinin alimləri beynin uşaqlıq dövründə yüksək plastiklik (öyrənmə və uyğunlaşma qabiliyyəti) ilə bağlı mühüm mexanizmi aşkar ediblər. Araşdırma göstərir ki, stress hormonu kortizol bu prosesdə əsas rol oynaya bilər.
AVESTA.AZ xəbər verir ki, nəticələr "Nature" jurnalında dərc olunub.
Uşaqlıq dövründə beyin "kritik inkişaf mərhələləri" adlanan dövrdən keçir. Bu zaman sinir sistemi xarici təsirlərə daha həssas olur və öyrənmə, sosial təcrübə və duyğu qavrayışı neyron əlaqələrin formalaşmasına güclü təsir edir. Lakin yaş artdıqca bu yüksək plastiklik tədricən azalır.
Alimlər siçanlar üzərində aparılan təcrübələrdə müəyyən ediblər ki, işıq təsiri kortikosteron (insanlarda kortizolun analoqu) hormonunun ifrazını artırır. Bu hormon beyində dəstək funksiyası daşıyan astrosit hüceyrələrində reseptorlara bağlanır və yüzdən çox genin aktivləşməsinə səbəb olur.
Nəticədə neyronların ətrafında olan hüceyrə "skeleti" - perineyronal şəbəkələr formalaşır. Bu strukturlar yeni sinir əlaqələrinin yaranmasını məhdudlaşdırır və beləliklə beynin inkişafının kritik dövrünü bağlayır.
Təcrübələr göstərib ki, siçanlar qaranlıqda böyüdüləndə bu mexanizm işə düşmür və beyin daha uzun müddət plastiklik saxlayır. Həmçinin hormon reseptorları bloklandıqda yetkin siçanlarda belə beynin plastiklik qabiliyyəti qismən bərpa olunur.
İnsan beyni ilə bağlı mövcud məlumatların analizi də oxşar mexanizmin insanlarda da olduğunu göstərib. Bu proses körpəlikdə aktivləşir və yeniyetməlik dövründə maksimum səviyyəyə çatır.
Alimlər hesab edirlər ki, bu mexanizmin pozulması bəzi nevroloji və psixi pozuntularla - autizm, şizofreniya və bipolyar pozuntu ilə əlaqəli ola bilər. Gələcək tədqiqatlar beynin plastiklik səviyyəsinin tənzimlənməsi üçün yeni müalicə üsullarının inkişafına yol aça bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.