
Tarix elmləri doktoru Həsən Həsənovun təqdimatı ilə "Qafqaz Albaniyasının irsinə tarixi baxış" adlı seminar təşkil olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Media və Yayım Şurasının təşəbbüsü ilə reallaşdırılan seminarda Qafqaz Albaniyası ilə əlaqədar mövcud tarixi faktlar, alban mirasının saxtalaşdırılmasına yönəlmiş cəhdlər, ermənilərin bu irsə olan əsassız iddiaları, həmçinin tarixi gerçəkliklərin beynəlxalq ictimaiyyətə doğru şəkildə təqdim edilməsinin vacibliyi barədə geniş məlumat verilib.
Həsən Həsənov çıxışında Albaniya və Atropatena tarixinə dair yanlış məlumatların hələ sovet dövrünə aid ədəbiyyatlarda mövcud olduğunu diqqətə çatdırıb:
"Həmin dövrün ədəbi mənbələrində Albaniya və Atropatena dövlətlərinin eyni zamanda meydana gəldiyi irəli sürülüb, lakin bu fikir həqiqəti əks etdirmir".
Onun sözlərinə görə, Albaniya sözü türk mənşəlidir, mənası "qəhrəman" deməkdir və Albaniya əvvəlcə Atropatenanın tərkib hissəsi olub:
"Bu, düz 7 əsr davam edib, yəni eramızdan əvvəl 7-ci əsrdən 1-ci əsrə qədər və bundan sonra albanlar müəyyən səbəblərdən Atropatenanın tərkibindən ayrılaraq müstəqilliyə nail olublar. Yəni Albaniya Atropatenanın törəməsidir".
Tarixçi alim Albaniya ərazisində üç fərqli dinin mövcudluğuna da diqqət yönəldib:
"Bunlar xristian, yəhudilik və tanrıçılıq dinləri olub. Məhz bunun nəticəsidir ki, islam dini gələndə tanrıçılıq dininə inananlar maneəsiz şəkildə bu dini qəbul ediblər. Xristianların bir qismi islamı qəbul etsə də, qalan qismi iki qola bölünərək ermənilər və gürcülər tərəfinə keçiblər".
Professor ermənilərin özlərini albanların varisi elan etməsini tamamilə əsassız hesab edib, azərbaycanlı memar və tarixçi Davud Axundovun alban mirası ilə bağlı apardığı tədqiqatları bu kontekstdə dəlil olaraq göstərib:
"O, bütün alban məbədlərinin tədqiqatçısıdır. Onun gəldiyi nəticə budur ki, Albaniya ərazisində olan bütün abidələr alban sivilizasiyasının məhsuludur. Hətta bir çox hallarda bu abidələrin türk ənənələri ilə bağlılığı barədə qənaətə də gəlinib. Ümumiyyətlə, alban tarixi ilə bağlı araşdırmalar kifayət qədər deyil".
Tarixçi-alim eyni zamanda dərsliklərdə müəyyən nöqsanların olduğunu qeyd edərək bu məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etdiyini söyləyib.
H.Həsənov həmçinin vurğulayıb ki, Gəncəsar və Xudavəng barədə ermənilərin iddiası Ermənistan ərazisində hələ də Azərbaycan torpaqlarına iddiaların mövcud olduğunu göstərir:
"Tarixçi alim, memar Davud Axundovun monoqrafiyası bu konteksdə müfəssəl araşdırmadır. Yəni bu abidələrin ermənilərlə heç bir əlaqəsi yoxdur".
Professor sonda qeyd edib ki, alban məbədlərinə qarşı ermənilər tərəfindən saxtalaşdırma halları çoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.