
Azərbaycana qarşı törədilən müharibə cinayətlərinə görə məsuliyyət və beynəlxalq təşkilatların qərarlarının icrası məsələsi yenidən gündəmə gəlib.
Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı Ermənistanın keçmiş rəhbərlərinin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunmasının vacibliyinə diqqət çəkib. Dövlət başçısı Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan şəxslərin mühakimə olunduğu prosesi "Nürnberq tribunalı" ilə müqayisə edib.
Deputat Azay Quliyev Baku TV-yə açıqlamasında bildirib ki, Azərbaycan uzun illər ədalətin bərpasını gözləsə də, işğalla bağlı beynəlxalq qərarlar icra olunmayıb. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi, eləcə də beynəlxalq təşkilatların fəaliyyətsizliyi münaqişənin həllini uzadıb.
Deputat vurğulayıb ki, Azərbaycan 2020-ci ildə ərazilərinin böyük hissəsini işğaldan qurtarıb, 2023-cü ildə isə suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Onun sözlərinə görə, hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması beynəlxalq hüququn prinsiplərinin təmin edilməsi baxımından əhəmiyyətlidir.
Azay Quliyev qeyd edib ki, cinayət törətmiş şəxslərin cəzasız qalması gələcəkdə oxşar halların təkrarlanmasına şərait yarada bilər. Deputat beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının vacibliyini də vurğulayıb.
Millət vəkilinin fikrincə, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən aydın və effektiv mexanizmlər yaradılmalıdır. O bildirib ki, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mövcud problemlərin aradan qaldırılması yeni dünya nizamının formalaşmasında mühüm rol oynaya bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.