
"Liverpul"un sabiq yarımmüdafiəçisi Filippe Koutinyo 2018-ci ildə "Barselona"ya keçmək qərarından danışıb. Braziliyalı futbolçu həmin vaxt "qırmızılar"ın baş məşqçisi olan Yurgen Kloppun onun qərarına necə reaksiya verdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, hazırda "Santos"da çıxış edən Koutinyo İngiltərə klubundan ayrılmasını karyerasının ən böyük səhvi kimi qiymətləndirib.
Futbolçunun sözlərinə görə, o, "Barselona"nın təklifini qəbul etdikdən sonra Klopp bu qərardan ciddi narazılıq bildirib. Çünki alman mütəxəssis cəmi bir neçə həftə əvvəl Koutinyoya komandada ona hansı rolun ayrıldığını və mövsüm üçün planlarını izah etmişdi.
Koutinyo xatırladıb ki, Klopp məşqdən sonra ona yaxınlaşaraq qərarının səbəbini soruşub:
"Fil, niyə belə qərar verirsən? Axı cəmi bir neçə həftə əvvəl bu mövsüm üçün planlarımızı müzakirə etmişdik".
Braziliyalı futbolçu həmin vaxt əvvəlcə susduğunu, daha sonra isə İspaniyada yeni çağırış axtardığını söylədiyini bildirib. Onun sözlərinə görə, "Barselona" kimi klubdan gələn təklifi rədd etmək də asan olmayıb.
Koutinyo indi həmin qərarından peşman olduğunu etiraf edir. O, Kloppla işləməyə davam etmədiyi üçün təəssüfləndiyini və "Barselona"ya keçidinin gözlədiyi kimi nəticələnmədiyini vurğulayıb.
"Peşmanam ki, qalmadım və onunla işləməyə davam etmədim. Çünki hər şey planlaşdırdığım kimi getmədi və qazanmaq istədiyim titulları əldə edə bilmədim", – deyə futbolçu bildirib.
Qeyd edək ki, Koutinyo 2018-ci ilin qışında "Liverpul"dan "Barselona"ya keçib. O, İngiltərə klubundakı uğurlu çıxışından sonra İspaniyada da böyük nailiyyətlər qazanacağına ümid etsə də, karyerası planlaşdırdığı istiqamətdə inkişaf etməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.