
Ultraemal olunmuş qidaların tez-tez istehlakının beyin damarlarında gizli zədələnmələrlə əlaqəli ola biləcəyi müəyyən edilib. Kanada alimlərinin araşdırmasına görə, bu cür qidaları çox qəbul edən insanlarda beyində damar dəyişikliklərinə daha çox rast gəlinir.
BAKU.WS xəbər verir ki, "JAMA Network Open" jurnalında dərc olunan tədqiqatda 35-69 yaş arası 8 783 kanadalının məlumatları araşdırılıb. İştirakçıların qidalanma vərdişləri öyrənilib, beyinlərinin MRT müayinəsi aparılıb, yaddaş və diqqət göstəriciləri qiymətləndirilib.
Nəticələrə əsasən, ultraemal olunmuş qidaları ən çox istehlak edən şəxslərdə beyində gizli damar zədələnmələrinin aşkarlanma ehtimalı bu qidaları ən az qəbul edənlərlə müqayisədə 40 faiz yüksək olub. Bu dəyişikliklər insan hələ hər hansı sağlamlıq problemi hiss etmədiyi halda MRT müayinəsində görünə bilər.
Araşdırmada həmçinin belə qidaları çox yeyən şəxslərin bədənində yağ faizinin orta hesabla 1,7 faiz bəndi yüksək olduğu və daxili orqanların ətrafında daha çox yağ toplandığı müəyyən edilib.
Bununla belə, alimlər ultraemal olunmuş qidaların qəbulu ilə yaddaş və diqqətin zəifləməsi arasında birbaşa əlaqə aşkarlamayıblar. Tədqiqatçılar hesab edirlər ki, beyin damarlarında dəyişikliklər koqnitiv problemlər üzə çıxmazdan əvvəl yarana bilər.
Ultraemal olunmuş qidalara kolbasa məmulatları, çipslər, şirniyyatlar, hazır qəlyanaltılar və şəkərli içkilər daxildir. Qeyd edək ki, araşdırma bu qidaların birbaşa zədələnməyə səbəb olduğunu sübut etmir, yalnız aralarında əlaqə olduğunu göstərir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.