
Fransada kütləvi etirazlar və iğtişaşlardan sonra bəzi şəhərlərdə komendant saatı elan olunub.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Fransanın Baş naziri Sebastyan Lekornü bələdiyyə başçılarına zəruri hesab etdikləri ərazilərdə komendant saatı tətbiq etmək səlahiyyəti verdiyini açıqlayıb.
Məlumata görə, paytaxt Parisdə, Nitsada və ölkənin şimalındakı bəzi şəhərlərdə Bakı vaxtı ilə saat 20:00-dan 06:00-dək qismən komendant saatı tətbiq edilib.
Baş nazir bildirib ki, iğtişaşlardan zərər çəkən ərazilərə dəstək məqsədilə xüsusi fond yaradılacaq. Bu vəsaitin zorakılıq hadisələrinə görə məsuliyyət daşıyan şəxslərdən tutulması nəzərdə tutulur.
Lekornü əmlaka ziyan vuran şəxslərin vurduqları zərərə görə məsuliyyət daşımasını təmin edəcək qanunvericilik təşəbbüsünün hazırlanacağını da qeyd edib.
O, həmçinin iğtişaşlar və talanlar səbəbindən işləyə bilməyən şəxslər üçün qismən işsizlik müavinətinin tətbiq olunduğunu vurğulayıb.
Baş nazirin sözlərinə görə, Fransa cəmiyyəti ölkədə zorakılıq hallarının hansı səbəblərdən yarandığını və hadisələrin necə bu həddə çatdığını bilmək istəyir. O, Paris və Marseldə də yeni insidentlərin qeydə alındığını bildirib.
Qeyd edək ki, oktyabrın 17-də, şənbə günü Fransada yarım milyondan çox insan həyat bahalığına, eləcə də keyfiyyətli dövlət təhsili və digər əsas ictimai xidmətlərə çıxışın çətinləşməsinə etiraz olaraq küçələrə çıxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.