
"Pensiyaların 2027-ci ildə nə qədər artırılacağı orta aylıq əməkhaqqının illik artım tempinə uyğun müəyyənləşdiriləcək".
AVESTA.AZ-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, mövcud iqtisadi göstəricilər və proqnozlar əsasında pensiya artımının 8-10 faiz aralığında olacağı ehtimal edilir:
"İndeksləşdirmə zamanı pensiya məbləğindən asılı olaraq fərqli əmsalların tətbiqi də nəzərdə tutula bilər. Belə olan halda, nisbətən yüksək pensiya alan şəxslərin ödənişlərinin artım faizi daha aşağı ola bilər. Məsələn, pensiyanın müəyyən həddən artıq olan hissəsinə 0,5 və ya 0,2 əmsalının tətbiqi variantları mümkündür.
Əgər indeksləşdirmə 10 faiz təşkil edərsə, hazırda 500 manat pensiya alan şəxsin aylıq ödənişi 50 manat artaraq 550 manata çatacaq. 700 manat pensiya alan şəxsin artımı isə qeyd olunan diferensial hesablama qaydasına əsasən təxminən 49 manat təşkil edəcək və onun pensiyası 749 manata yüksələcək.
Pensiyanın məbləği artdıqca tətbiq olunan hesablama mexanizmindən asılı olaraq artımın faiz göstəricisi də nisbətən aşağı düşə bilər. Mövcud qaydalara və gözləntilərə əsasən, pensiyaların indeksləşdirilərək artırılmasının 2027-ci ilin əvvəlində həyata keçirilməsi gözlənilir. Konkret artım faizi isə ilin yekun göstəriciləri məlum olduqdan sonra dəqiqləşəcək".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.