
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan misilsiz Qələbədən, Ordumuzun Vətən müharibəsində keçdiyi şanlı döyüş yolundan danışıb.
Vurğulanıb ki, Zəfərimiz dövlətimizin gücünü və xalqımızın iradəsini bütün dünyaya bir daha nümayiş etdirməklə yanaşı, gələcək nəsillər üçün də əsl vətənpərvərlik, birlik və mübarizlik nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həyatın yenidən canlanması qazanılmış Qələbənin yaratdığı imkanların real nəticəsidir.
Akademiyanın rektor vəzifəsini icra edən Fərid Babayev çıxışında qazanılmış parlaq Qələbədən, xalqımızın tarixində əhəmiyyətindən söz açıb, bu möhtəşəm Zəfərin Vətən sevgisinin, milli birliyin və ədalətin təntənəsi olduğunu, sarsılmaz iradəni və qəhrəmanlığı təcəssüm etdirdiyini diqqətə çatdırıb.
Tədbir Akademiyanın tələbələrinin təqdimatında "Hədəfdə Zəfər" bədii kompozisiyası ilə davam edib. Kompozisiyada Azərbaycanın şanlı Zəfər tarixi, Vətən müharibəsində xalqımızın birliyi və qəhrəmanlığı, şəhidlərimizin əziz xatirəsi bədii ifadəsini tapıb.
Qeyd edək ki, Konfederasiyanın Zəfər Gününə həsr olunmuş tədbirlər proqramı çərçivəsində AHİK-in, üzv və tabe təşkilatların əməkdaşları parlaq Qələbə ilə başa çatan Vətən müharibəsindən bəhs edən "44" bədii filmini də izləyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.