
Koronavirus pandemiyasından əvvəl də dünyada yeni qrip pandemiyasının baş verməsi ehtimalı elmi dairələrdə müzakirə olunurdu. Qrip virusunun mütəmadi olaraq dəyişməsi və yeni ştamların meydana çıxması gələcəkdə daha təhlükəli epidemioloji vəziyyətin yaranması riskini artırır.
BAKU.WS xəbər verir ki, bunu tibb elmləri doktoru, infeksionist Adil Qeybulla dünyada yeni koronavirus tipli xəstəliklərin yayılması ehtimalı və infeksion xəstəliklərlə bağlı narahatlıqları şərh edərkən bildirib.
Tanınmış professorun sözlərinə görə, qrip virusunun gələcəkdə "ispan qripi" kimi genişmiqyaslı pandemiyaya səbəb ola biləcək variantının ortaya çıxması elmi proqnozlardan biridir.
O qeyd edib ki, hava-damcı yolu ilə yayılan və yüksək yoluxuculuq qabiliyyətinə malik infeksiyaların pandemiya yaratmaq potensialı var. COVID-19 pandemiyası da bu cür təhlükələrin nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini göstərdi.
Adil Qeybulla hesab edir ki, pandemiyalara qarşı mübarizədə beynəlxalq koordinasiya sistemi yenidən nəzərdən keçirilməlidir. Onun fikrincə, Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyəti təkmilləşdirilməli, qlobal təhlükələrə qarşı mübarizə vahid mərkəzdən və aparıcı xəstəliklərin müalicəsi, profilaktikası ilə məşğul olan qurumların nəzarəti altında təşkil olunmalıdır.
Professor əlavə edib ki, COVID-19 təcrübəsi dünya ölkələrinin belə fövqəladə vəziyyətlərə hazırlığında ciddi problemlərin olduğunu üzə çıxarıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.