
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Gültəkin Əsgərovanın anadan olmasından 66 il ötür.
Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabrın 20-də Bakıda anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib və əmək fəaliyyətinə 8 nömrəli təcili yardım stansiyasında başlayıb.
1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanasında çalışan Gültəkin Əsgərova Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmaq qərarına gəlib. O, körpə qızını anasına əmanət edərək, həyatını Vətənin müdafiəsinə və yaralı əsgərlərin xilasına həsr edib.
1992-ci il aprelin 4-də cəbhəyə gedən Gültəkin Əsgərova Turşsu, Şuşa və Ağdamın Mahrızlı kəndində yerləşən hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Beş tibb bacısını da özü ilə apararaq könüllü şəkildə döyüş bölgəsində xidmət edib.
Şuşanın müdafiəsində xüsusi xidmətləri olan qəhrəman həkim şəhərin işğalından bir gün sonra, mayın 8-də oranı sonuncu tərk edənlərdən biri olub. Daha sonra Laçın və Qubadlının müdafiəsində də iştirak edib.
Anasına göndərdiyi məktubda Vətən sevgisini və qələbəyə inamını bu sözlərlə ifadə edib:
"Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı…"
1992-ci il mayın 14-də Ağdam istiqamətindəki döyüşlərə qatılan Gültəkin Əsgərova Mahrızlı kəndindəki hospitalda xidmətini davam etdirib. Lakin yaralıların vəziyyətini nəzərə alaraq Aranzəmin yüksəkliyinə qalxıb və döyüşlərdə iştirak edib.
O, 1992-ci il iyulun 19-da saat 15:00-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli olan qəhrəman həkimdən Əminə adlı bir qızı yadigar qalıb.
Gültəkin Əsgərovanın təhsil aldığı 200 saylı orta məktəbə onun adı verilib, məktəbin həyətində büstü ucaldılıb.
Azərbaycan Prezidentinin 20 noyabr 1993-cü il tarixli fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Vətən uğrunda canından keçən qəhrəmanımızın əziz xatirəsi daim yaşayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.