
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə "İmkanlar və İnam: Dövlət–biznes əməkdaşlığı" forumu keçirilib. Tədbir çərçivəsində "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" mövzusunda panel müzakirəsi təşkil olunub.
BAKU.WS xəbər verir ki, paneldə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov 2026–2030-cu illər üzrə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində sahibkarlığın təşviqi istiqamətində yeni qərarların qəbul edildiyini bildirib. O, Aqrar Subsidiya Şurasının son qərarları ilə dövlət dəstəyi mexanizmlərinin daha da genişləndirildiyini vurğulayıb: "AKİA olaraq əsas məqsədlərimizdən biri kiçik və orta fermerlərin, eləcə də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına əlçatanlığını yaxşılaşdırmaqdır. Bu məqsədlə pilot layihə olaraq dövlət dəstəyi ilə aqrar kredit kooperativlərinin və onların ittifaqının yaradılması da nəzərdə tutulur".
Agentlik sədri qeyd edib ki, dövlət dəstəyindən asılı olmayan, zamanla öz resursları hesabına inkişaf edə bilən rəqabətqabiliyyətli və dayanıqlı aqrar sahibkarlığın formalaşması əsas hədəflərdəndir. Onun sözlərinə görə, hazırkı aqrar siyasətin əsas istiqamətlərindən biri də istehsaldan emala, saxlanmadan satışa qədər bütün dəyər zəncirini inkişaf etdirməkdir.
Aqrar maliyyələşmənin məşğulluğa töhfəsinə toxunan Yalçın Camalov sektorda iş yerlərinin sayı ilə yanaşı, daha məhsuldar və yüksək gəlirli məşğulluğun formalaşmasının vacibliyini diqqətə çatdırıb: "Müasir kənd təsərrüfatı texnikası və avadanlıqlarına tətbiq olunan güzəştlər məhsuldarlığın artımını stimullaşdırır. Eyni zamanda kiçik və orta fermerlərin dövlət dəstəyindən yararlanaraq mövcud təsərrüfatlarını genişləndirməsi və yenilərini qurması logistika, texniki xidmət, saxlama, qablaşdırma və digər əlaqəli sahələrdə yeni iş yerlərinin yaradılmasına imkan verir".
Qeyd edək ki, cari ildə AKİA tərəfindən fermerlərin aldığı 304 milyon manat dəyərində 10 min ədəddən çox kənd təsərrüfatı texnikası və avadanlığının alışı maliyyələşdirilib. Bu məqsədlə 70 milyon manat kredit və lizinq, 100 milyon manatdan artıq isə güzəşt vəsaiti ayrılıb. O cümlədən 7 min hektar ərazidə quraşdırılan müasir suvarma sistemlərinə 13 milyon manatdan çox güzəşt tətbiq edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.