
Soyuq havalarda buzlu suya girmək bəzi insanlar üçün ciddi sağlamlıq problemlərinə, hətta infarkt və insulta səbəb ola bilər.
AVESTA.AZ xəbər verir ki, bu barədə terapevt və ailə həkimi Anastasiya Samoylova KP.RU-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, orqanizm buzlu su ilə təmas zamanı güclü stress keçirir. Bu zaman adrenalin, endorfin və dofamin ifrazı artır. Nəticədə insanda müvəqqəti enerji artımı və gümrahlıq hissi yaranır.
Lakin mütəxəssis xəbərdarlıq edib ki, soyuq suda çimmək qrip və digər virus infeksiyalarından qorunmağa zəmanət vermir.
Samoylova bildirib ki, xüsusilə hazırlıqsız insanların qəfil buzlu suya girməsi təhlükəlidir. Soyuğun təsirindən damarların kəskin daralması ürəyə əlavə yük salır. Bu isə yüksək təzyiq və ürəyin işemik xəstəliyindən əziyyət çəkən şəxslərdə infarkt və insult riskini artıra bilər.
Həkim əlavə edib ki, həddindən artıq soyuma pnevmoniya, angina və sidik yolları xəstəliklərinin kəskinləşməsi kimi problemlərlə də əlaqəli ola bilər.
Mütəxəssis bu səbəbdən buzlu suda çimməzdən əvvəl sağlamlıq vəziyyətinin nəzərə alınmasını və xüsusilə xroniki xəstəliyi olan şəxslərin həkimlə məsləhətləşməsini tövsiyə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.