
Son illər BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) əhatə etdiyi ölkələrin dünya iqtisadiyyatında payı 3 dəfədən çox artıb.
"Report" xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib.
"SPECA ölkələri qlobal iqtisadiyyatda vacib rol oynayır. Bugünkü tədbir Proqramın 25 illik yubileyi ilə üst-üstə düşür və bu baxımdan vacibdir. Bir çox hallarda dənizə çıxışı olmayan ölkələr logistika sahəsində çətinliklərlə üzləşirlər. Ticarət dövriyyəsinin dəyərinə baxsaq SPECA ölkələri arasındakı qarşılıqlı əlaqələr hələ ki, zəifdir. SPECA-nın qarşısında duran məsələlər az deyil. Proqram ölkələri beynəlxalq standartları elə tətbiq etməlidir ki, bu onların milli prioritetlərinə cavab versin, həm də tələbatlarını ödəsin", - deyə o qeyd edib.
Xatırladaq ki, forumda təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində "yaşıl enerji" bağlılığı ətrafında müzakirələr aparılır, yeni çağırışlar fonunda Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetirilir.
SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Bu il SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.