
Zaporojye AES-in Ukrayna şəbəkəsinə qoşulması bərpa edilib.
Bu barədə "Report" "RBC-Ukraina"ya istinadən xəbər verir.
AES "Dneprovska" hava xətti ilə əlaqəni bərpa edib. Eyni zamanda, Zaporojye AES qonşu İES-dən gələn 330 kV-luq xəttə qoşulmuş qalır ki, bu da zəruri hallarda ehtiyat elektrik enerjisi ilə təmin edə bilər.
Elektrik verilişində yaranan fasilələr nəticəsində iki əməliyyat bloku elektrik şəbəkəsindən ayrılıb və onların fövqəladə hallardan mühafizə sistemləri işə salınıb, eyni zamanda bütün təhlükəsizlik sistemləri işlək vəziyyətdə qalıb.
Bildirilir ki, elektrik xətti bərpa edildikdən sonra bütün altı aqreqat şəbəkədən ayrılıb.
Ukraynanın Dövlət Nüvə Enerjisi Şirkəti Enerqoatom Rusiyanın ələ keçirdiyi bölgədə yerləşən Zaporojye Atom Elektrik Stansiyasının tarixdə ilk dəfə olaraq milli elektrik şəbəkəsindən ayrıldığını açıqlayıb.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zaporojye Atom Elektrik Stansiyasının son iki işləyən reaktorunun yaxınlığında baş verən yanğınlar nəticəsində AES-i şəbəkəyə birləşdirən elektrik xətlərinin zədələndiyi bildirilib.
Obyekt ukraynalı mühəndislər tərəfindən idarə olunarkən, elektrik stansiyası yaxınlığında Rusiya və Ukrayna qüvvələri arasında qarşıdurma davam edir. Həm Ukrayna, həm də Rusiya bir-birini zavodu bombalamaqda ittiham edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.