16-12-2024, 12:41 478

Sənubər İsgəndərli: Sənətdən başı çıxmadan rəy vermək divanda oturub Messiyə irad tutmağa bənzəyir - MÜSAHİBƏ

“Dantenin yubileyi”ndən sonra həmsöhbət olmağımız mənim üçün şərt olmuşdu. Və elə tamaşanın səhəri günü zəngləşib vaxt da təyin etdik. Amma nədənsə o zaman müsahibə alınmadı.

Sonra “Alatava” serialında gördüm onu. Yenə də “Bu müsahibə olmalıdır” düşüncəsi ilə zəngləşib vədələşdik. Amma, təəssüf ki, bu dəfə də alınmadı.

Və nəhayət, bu günlərin ən aktual mövzusu: “Altın kelebek” və o. Atalar üçdən deyib yenə zəng vurdum. Danışığımızdan belə anlaşıldı ki, söhbətimizin bundan o yana qalmasının heç bir şansı yoxdur. Bir zəng, bir müraciət və nəticə: sabah saat 14:00-da AzDrama-da.

“AVESTA.AZ” Əməkdar artist Sənubər İsgəndərli ilə müsahibəni təqdim edir.

- Türkiyədə idiniz. Məşhur “Altın kelebek” mükafatının təqdimat gecəsində oldunuz. Təəssüratlarınızdan başlayaq.

- Bu il mükafatın 50 illiyi idi. Təşkilatçıların təşəbbüsü belə oldu ki, yubiley ilində gənc nəsil mükafatlandırılsın. Mükafatları təqdimetmə isə mənə təklif olunanda sevə-sevə qəbul etdim. Ümumi ab-hava çox yaxşı idi, hətta həyəcanlandığımı da deyə bilərəm. Qırmızı xalıya addım atandan ta Bakıya qayıdana qədər fikrim yalnız Azərbaycanı yüksək səviyyədə təmsil etmək idi. Səhnədə neçə dəqiqə oluram, fərqi yoxdur, əsas düşüncəm o idi ki, oraya Azərbaycanı təmsil etmək üçün getmişəm. Şükür ki, uğurlu da oldu.

- Sənubər xanım, bizdə bu cür mükafatlar yox dərəcəsindədir. İlin yekunlarına dair yaradıcı adamların mükafatlandırılması anlayışı yoxdur.

- Əvvəllər bir neçə belə mükafat var idi. Amma haqlısan, indi belə deyil. İstər teatr, istər kino, istərsə də digər sənət sahələrində kifayət qədər ciddi işlər görülür. Gileylənirik ki, film az çəkilir və s. Amma var. İş görülür. Bilirsən, sənət adamı uşaq kimi kövrək olur. Ona dəyər veriləndə daha da ruhlanır, bu, onun üçün stimul olur. Bu cür mükafatlar mütləq olmalıdır. Yəqin ki, doğrusunu əlaqədar təşkilatlar bilər.

Fəxri ad məsələsi ətrafında müzakirələr həmişə olub

- Elə həm də bu sualdan yola çıxaq: Azərbaycanda sovetdənqalma fəxri ad məsələsi var və bu, son illərdə bir xeyli tənqid olunur.

- Elədir. Bu ənənə sovet hakimiyyəti illərində aktual idi. Bu, dövlət tərəfindən verilən ad və böyük bir stimul idi. Müstəqilliyimizə yeni addım atdığımız dövrdə də məhz fəxri ad məsələsi ətrafında müzakirələr gedirdi. Mən Əməkdar artist fəxri adına Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə məhz o zaman layiq görülmüşəm. Demək istədiyim odur ki, fəxri ad məsələsi ətrafında müzakirələr həmişə olur və gündəmə gəlir. Tutaq ki, bu fəxri ad məsələsi ləğv edildi, amma mütləqdir ki, onun alternativi də olsun. Sənət adamına stimul mütləq lazımdır.

- Sizcə, hazırda fəxri adlar doğru ünvana çatırmı?

- Həyatdır da (bir qədər düşünür). Olur belə şeylər. Bunlar məndən asılı məsələlər deyil. Amma təbii ki, mənim də müəyyən narazılığım olur.

İstedadlı gənclərimiz çoxdur, əsas odur ki, onlara mane olmasınlar

- Ümumiyyətlə, son dövrlərdə önə çıxan gənc rejissorlardan kimləri bəyənirsiniz?

- Gənclərin son illərdəki fəallığı həm kinoda, həm də teatrda hiss olunur. YUĞ teatrının baş rejissoru Mikayıl Mikayılovun işlərini çox bəyənirəm. Ərşad Ələkbərov özü çox perspektivli gəncdir. Teatrdan savayı, kinomuz da bu gün daha çox gənclərin çiynindədir. Onlar nələrsə etməyə çalışır və edirlər. Bəli, müəyyən uğursuz işlər də olur və bu normaldır. Çünki kino canlı bir prosesdir, o demək deyil ki, bütün işlər “woow” effekti verməlidir. Yox. Məsələn, Əlixan Rəcəbov Youtube videoları ilə başladı, bu gün artıq film və serial çəkir. Emil Quliyev, Elvin Rüstəmzadə. İstedadlı gənclərimiz çoxdur, əsas odur ki, onlara mane olmasınlar. Çox həvəslidirlər, təki o həvəs əllərindən alınmasın.

- Yaxşı, bəs onları nə həvəsdən salır? Mane olan nədir?

- Bu çox şey ola bilər. Sadalamaqla bitəsi deyil. Həyatda bütün pisliklərin başında paxıllıq hissi durur. Paxıllığı, nifrini, kini içimizdə boğa bilsək, yaxşı olar (gülür) Özümüz üçün də, elə o gənclər üçün də.

- Bir çox rejissorla işləmisiniz. Xarakterizə edəsi olsaq, kimlər sizin üçün konkret istiqamətverici, karyeranızda əsaslı rol oynamış rejissor olub?

- Bəli, həqiqətən də, Azərbaycanın ən qaymaq rejissorları ilə işləmişəm. Amma mən özümə Hüseynağa Atakişiyevi müəllim sayıram. O mənə yol göstərən, məni bu sənətdə var edən şəxsdir. Bəhram Osmanov, Ramiz Həsənoğlu... Sonra bizə cəmi iki il dərs deməsinə baxmayaraq, əvəzsiz xidmətləri olan Şahmar Ələkbərov. Bu adamlar mənim bu sənətdə özümü tapmağıma kömək edən böyük sənətkarlardır.

- Sənubər xanım, müəyyən aktrisalar var ki, onlara kamera qarşısında mütləq şəkildə hər zaman cazibədar, gözəl görünmələri vacibdir. Bu hal sizdə necədir? Bununla bağlı kompleksiniz varmı?

- Qətiyyən! Məndə həyatı boyu belə bir şey olmayıb. Olur ki, hər hansı bir kadr çəkilir, dərhal gedib baxırlar. Mən heç vaxt baxmıram. Buna ehtiyac görmürəm.

- Arxayınsınız da...

- Yox e, bu arxayınlıqdan irəli gəlmir. Bilirsən, nə var, odur. Necəsənsə, elə də varsan. Bir dəfə çox gözəl görünərsən, bir dəfə bir az solğun. Bu, normal, təbii haldır.

- Amma estetikaya vurğunsunuz. Bunu inkar edə bilməzsiniz.

- Mənim nənəmin yaxşı bir sözü vardı: evdə pişik saxlayanda da gərək göyçəyini saxlayasan. Bu mənada, hər şeyin gözəlini seçmək adətimdir. Adicə evdə süfrə quranda belə buna fikir verirəm. Xarici görüşümə gəldikdə isə, şükürlər olsun ki, özümə hədsiz vurğun deyiləm.

- Ümumiyyətlə, bir aktrisa kimi elə bir qorxunuz varmı ki, o rolu oynayasınız, düşünəsiniz ki, obraz sizin həyatınıza, canınıza, qanınıza hopsun. Bu qorxu olubmu sizdə?

- Yox, yox, heç vaxt! Ona qalsa, gərək “Kişi sözü”ndəki Solmaz olaydım. Yaxud oxuduğum “Məhəbbət olmayanda” hara gedirəm, məni qarabaqara izləyir, gərək o həyatı yaşayaydım. Belə bir qorxum olmayıb. Amma qorxu başqa tərəfdən var: “Mən bu rolun öhdəsindən gələ biləcəyəm, ya yox?” - mənim üçün hər zaman qorxu bu olub.

Öz rollarıma bir dəfə baxıram, çünki gördüyüm əskiklər məni çilədən çıxarır

- Bəs özünüzə tənqidi yanaşa bilirsiniz?

- İnan ki, hər rolumda. Ümumən, ən böyük tənqidçim elə özüməm. Və mən öz layihələrimə, adətən, bir dəfə baxıram. Çünki birinci dəfə tapdığım əskiklər məni çilədən çıxarır və daha çox axtarmağa, daha çox tapmağa çalışıram. Ona görə də əsəblərimi qorumaq naminə yalnız bir dəfə baxıram, vəssalam.

- Sənubər xanım, məhəbbət olmayanda nə baş verir?

- Mənə elə gəlir, həyatın özü elə məhəbbətdir. Həyatı sevməkdən tutmuş, övladı, Vətəni sevməyə qədər. Hər şey sevgidir. Bu yaxınlarda Bakıda COP29 beynəlxalq konfransı keçirildi. Mövzu nə idi? Təbiət. Bu nədir? Bu da sevgidir. Sevgi hər şeyin təməlidir, əbədidir, əzəlidir. Mənə görə, sevgi və həyat eyni anlamdır.

- Ümumilikdə bir sıra filmlərə çəkilmisiniz. Amma mən daha çox son dövrlərə fokuslanmaq istəyirəm. Müasir Azərbaycan kinosu və Sənubər İsgəndərli. Prosesi necə dəyərləndirirsiniz? Kinomuz hansı dövrünü yaşayır?

- Gənclər, həqiqətən də, işləyirlər. Çalışırlar. Bu yaxınlarda bir filmə çəkildim – “Qapı”. Sonradan eşitdim ki, rejissor Vüsal Əhmədzadə film üçün kreditə giribmiş. Yəni bu adamlar kino üçün yanırlar, nə isə etməyə çalışırlar. O kreditə girib özü üçün başqa nə isə edə bilərdi, amma bunu sənət naminə edir. Əlbəttə, səhvlər də olacaq, olmalıdır. Burada əsas məsələ həmin o istəkdir, film üçün həvəsin, yanğının olmasıdır. Ona görə də düşünürəm ki, gələcək məhz onların əlindədir.

- Bax deyirsiniz ki, film üçün rejissor kreditə girib. Bəs proses niyə belə davam edir? Nə olmalıdır ki, rejissor kreditə girmək məcburiyyətində qalmasın?

- Əvvəla, maliyyə çatışmazlığı var. Uzağa getməyək, qardaş Türkiyədəki film sektorunun bugünkü durumu ortadadır. Onlar niyə bu qədər iri layihələrə imza atırlar? Çünki maliyyə baxımından arxayınlıq var. Bizdə bu arxayınlıq yoxdur, əksinə, sıxıntı var. Bu da keyfiyyətə və texniki tərəfə təsir edir. Bizdə son dərəcə uğurlu aktyorlar, rejissorlar var. Sadəcə, maliyyə ən böyük problemdir.

Ümumiyyətlə, istedadlı aktyor, aktrisa ifadəsi, mənə qəribə gəlir. O adam aktyordursa, demək, istedadlıdır, deyilsə, heç nə deyil.

Baxın sizə çox adi bir misal çəkim: bir xanım dəbdəbəli bir məclisə hazırlaşır. Əgər onun hər şeyi yerli-yerindədirsə, geyimi-keçimi, makiyajı-filan hazırdırsa, ondakı özgüvən necə olar? Bir də bunun əksini düşünün. Məncə, fikrimi bu misal üzərindən ifadə edə bildim.

Hərdən elə rəylər görürük ki, həqiqətən, tamaşaçıları başa düşmək olmur

- Siz istedadlı aktyor-aktrisa məsələsinə toxundunuz. Son illərdə çəkilən filmlərdə, xüsusilə də seriallarda bəzən tamaşaçılar aktyorların qeyri-təbii oynamasından şikayətlənir.

- Tamaşaçılar arasında bu mövzuda ikili standartlar var. Ədəbi dildə danışırsan, deyirlər bu nədir, məişət üslubunda danışırsan, deyirlər, loru dildir. Filmdə həyatı göstəririksə, bu lazımdır axı. Mən demirəm ki, filmdə söyüş söyülməlidir. Qətiyyən! Mən nə filmdə, nə də həyatda söyüş eşitmək istəyirəm. Amma film həyatdan götürülür, deməli, müəyyən şeylər olmalıdır. Vallah, bəzən tamaşaçıları başa düşmək olmur və hərdən elə rəylər görürük ki, insanın zövqü ilə baxdığı filmlərlə, oxuduğu kitablarla müqayisə edəndə qalırsan belə... Hərşeyşünaslıq bizi öldürür. Sənətdən başı çıxmaya-çıxmaya rəy vermək... nə bilim. Bu daha çox divanda oturub futbola baxa-baxa Messiyə irad tutmağa bənzəyir.

Prodüser və rejissorlar qapı döyməkdən yorulub, kino işinə inamsızlıq var

- Türkiyə nümunəsini misal çəkdik. Mənim sizinlə razılaşmadığım məqam odur ki, o maliyyəni Türkiyədə dövlət ayırmır. Bunun üçün ayrı-ayrı müstəqil prodakşn və sponsorlar var.

- Bəli, mən bununla razıyam. Amma bizdə sponsorlar da kinoya pul ayırmır axı. Məsələ budur. Mən prodüser deyiləm, bunun səbəbini heç cür deyə bilmərəm. Eşitdiklərimdən yola çıxaraq deyə bilərəm ki, prodüserlər, rejissorlar qapı döyməkdən yorulub. Pul vermirlər. Kino işinə inamsızlıq var. Bu sektora güvən yoxdur.

- Deməli, müasir Azərbaycan kinosu özünü sübut edə bilmir. Sizcə, niyə?

- O sponsorlar son dövrdə çəkilən filmlərə baxırlarmı? Yox. Xəbərləri olmursa, güvən necə yarana bilər? Aktyoru, rejissoru tanımır. Adamı ağrıdan da elə budur. Biz təqdimatı da bacarmırıq, onlar üzərindən reklamımız da zəifdir. Adi bir nümunə: “Altın Kelebek”də Rilaya Hüseynzadə çox gözəl bir mahnı oxudu. İnan ki, mən o mahnını dinləyəndə həyəcan keçirdim. Amma saytlara baxırsan, ancaq Rilayanın nitqi tənqid edilir, ancaq o danışılır. Oradakı ifası, o hiss, o təmsilçilik barədə danışan yoxdur.

- Məncə, bu mövzuda tənqid edənləri qınamaq düzgün deyil. Söhbət Azərbaycan dilindən gedir.

- Mən demirəm ki, tənqidlər haqsızdır. Orada ən böyük xəta o idi ki, mətn onun üçün qəliz yazılmışdı. Mən hətta öncədən təklif etmişdim ki, mətni bir az qısaldaq. İstəmədi, həvəsli idi, mən danışmaq istəyirəm dedi. Ümumiyyətlə, mediada bu kimi hallar çox olur. Sənət dostlarımız bununla bağlı xeyli haqlı gileylər edirlər. Əsl sənət haqqında yazan barmaqsayı sayt var. Əksəriyyətində dedi-qodu, geyim, məişət, şəxsi həyat... Həmin o sponsorların sənət adamlarını yaxşı tərəfdən tanımamasında bunun da rolu var.

Səhnədə kral rolunu canlandıran aktyor həyatda necə ac ola bilər?

- Bəs sənət adamlarının maddi çətinliklə bağlı el şənliklərinə getməsi barədə nə düşünürsünüz?

- Sənət nöqteyi-nəzərdən bu, aktyoru cılızlaşdırır. Amma o adamları qətiyyən qınamıram. Ailəsi var, onları dolandırmaq lazımdır, başqa nə etməlidir? Teatrda çox az maaşa çalışan fədailərimiz var. Onlar, həqiqətən, fədaidir. Sovet dövründə belə bir deyim vardı ki, aktyor ac olmalıdır, elə olanda daha yaxşı aktyor olur. Belə şey yoxdur. Səhnədə kral rolunu canlandıran aktyor həyatda necə ac ola bilər? Bu reallıqdan uzaq bir fikirdir.

- Düşünürəm ki, el şənliyinə getmək aktyorun təqdimi üçün də zərərlidir. Hansısa bir toyda aktyoru tamada kimi görən iş adamı sabah o aktyorun yer aldığı filmə maliyyə yatırmağa risk eləməyəcək. Ən azından, fikrinə təsir edəcək.

- Sizə bir nümunə çəkim: bir serial var idi və orada Rasim Balayev, Fuad Poladov və mən baş rolda idik. Onun bir seriyası çəkildi, davamı üçün sponsor tapılmadı. Məgər Rasim Balayev, Fuad Poladov, yaxud mən toylara tamada gedirik? Yox. Məncə, sualınıza cavab verə bildim.

- Sənubər xanım, “Alatava”da biznes ledi və ona xas leksikon, yaxud “Qapı” filmindəki xadimə obrazı, onun danışığında yüngül qüsurun olması və sair. Maraqlıdır, sırf bu kimi detallarla işləmə prosesi necə olur? Yəni aktyorun, aktrisanın obrazın içinə girməsi üçün, həmin obraza çevrilməsi üçün nə kimi keyfiyyətlər tələb olunur?

- Bilirsən, aktyor həm də müşahidəçi olmalıdır. Mən “Sovetski” deyilən məhəllədə böyümüşəm. Mənim üçün belə müşahidələr çox olub. Həyatım həmin müşahidələrlə keçib. Bu mənada, belə rollarda yaddaşımı işə salıram, müşahidələrimdən yola çıxıram. Nəticədə, saydığınız obrazlar yaranır.

- Aydındır, bax belə kübar, eleqant xanım obrazınız var. Maraqlıdır, sizi özünüzdən nə çıxara bilər? Hansı ki biz onda başqa bir Sənubər İsgəndərli görə bilərik.

- Cahillik və tərbiyəsizlik. O zaman ortaya çıxan Sənubər İsgəndərlini isə sizə görməyi arzu eləmirəm. (gülür) Bilirsən, əvvəllər hansısa hadisəyə aşırı reaksiya verməyə utanırdım, içimdə saxlayırdım, səsimi qaldırmırdım. Ümumiyyətlə, uşaqlıqdan bu yana sakit təbiətli, dava-şavadan qaçan biri olmuşam. Amma indi əsəblərim artıq o deyil və hərdən səsim ucalır.

Bir saatdan çox davam edən söhbətimizi yavaş-yavaş yekunlaşdırırıq. Akademik Milli Dram Teatrının divarlarını bəzəyən teatr fədailərinin fotolarına baxa-baxa Sənubər xanımın ürəyində hansısa etirafın qalıb-qalmadığını soruşuram. Və cavabı gözləmədən son sualı da elə özüm verirəm.

- Sənubər xanım, hələ də Təhminə roluna çəkildiyiniz üçün peşmansınız?

Heç düşünmədən cavab verir.

- Bəli. Hələ də peşmanam. Mən sözü bir dəfə deyirəm!

Artıq dəhlizin sonuna çatırıq.

- Mən sizdən çox gözəl enerji aldım, - deyir Sənubər xanım. - Hər müsahibə mənim üçün belə olmur.

- Demək, bu qədər zamanı gözləməyə dəyərmiş.

- Bəli. Amma mən artıq getməliyəm, acam, Nihat, bayaq dedim axı, ac-acına səhnəyə çıxmaq olmaz...

Paylaş

Xəbər lenti

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR