
Təyyarə qəzaya uğradığı andan etibarən Azərbaycan dövləti və Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək kompensasiya ödənilməsini və ümumilikdə prosesin ictimaiyyət üçün tam şəkildə aydınlaşdırılmasını tələb etdi.
Bu, həm hüquqi baxımdan haqlı tələb, həm də ədalətli və adekvat kompensasiyanın təmin olunması istiqamətində irəli sürülən şərtlər idi və məhz bizim iradəmiz, birliyimiz idi ki, qarşı tərəfə bunu qəbul etdirməyə nail olduq.
Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, bunun təsdiqi kimi iki dövlət başçısının Düşənbə şəhərində keçirilən görüşünü göstərmək olar. Həmin görüşdə məsələlərlə bağlı müvafiq razılaşmalar əldə edildi. Bu da bir daha göstərir ki, istənilən mürəkkəb və həssas məsələ siyasi iradə, qarşılıqlı hörmət və anlaşma olduqda həll edilə bilər.
"Təbii ki, burada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi, strateji baxışı və prosesə birbaşa nəzarəti xüsusi qeyd olunmalıdır. Məhz Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir ki, bu gün ədalətin bərpası istiqamətində real nəticələr əldə olunub, məsuliyyətin müəyyənləşdirilməsi və tam şəffaflığın təmin edilməsi üçün konkret addımlar atılıb".
Politoloqun fikrincə, Azərbaycan heç bir halda öz prinsipial mövqeyindən geri çəkilmədi, milli maraqlarını qətiyyətlə qorudu və beynəlxalq hüquqa əsaslanaraq kompensasiyanın ədalətli şəkildə həllinə nail oldu.
"Habelə, ötən müddət ərzində qəza nəticəsində zərər çəkmiş şəxslərin taleyi hər zaman diqqət mərkəzində saxlanıldı. Bu baxımdan kompensasiya təkcə hüquqi deyil, həm də dərin humanitar məna daşıyır və dövlətin insan amilinə, ədalət prinsipinə verdiyi önəmi bir daha nümayiş etdirir.
Azərbaycan hər zaman milli maraqlarını qətiyyətlə qorumağa qadir ölkə olduğunu göstərir və vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə müdafiə etdiyini bir daha təsdiqləyir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.