
Bugün baş verən insident Bakı Metropoliteninin tunel hissəsində qeydə alındığı üçün dizel generatorlardan istifadə etmək mümkün olmayıb.
AVESTA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə əsasən, hadisə texniki səbəblərlə bağlı olub. Tuneldə yerləşən aralıq kabeldə yaranmış nasazlıq ehtiyat enerji mənbəyi kimi dizel generatorların işə salınmasına imkan verməyib. Buna baxmayaraq, Metropolitenin müəyyən etdiyi qaydalara uyğun olaraq sərnişinlərin təxliyəsi tam şəkildə və heç bir problem yaşanmadan həyata keçirilib.
Bəxtiyar Məmmədov əlavə edib ki, əgər metroya elektrik enerjisinin verilməsində ümumi fasilə yaranarsa, bu halda dizel generatorlar dərhal işə düşür. Belə vəziyyətlərdə qatarların hərəkəti ilə yanaşı, işıqlandırma sistemləri və digər vacib infrastruktur - ventilyasiya, nasoslar, eskalatorlar da fasiləsiz şəkildə fəaliyyət göstərir. Lakin bu gün baş verən hadisə ümumi enerji kəsintisi ilə deyil, məhz tuneldə kabeldə baş verən qısaqapanma ilə əlaqədar olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.