
"Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda təşkil edilən və gündəmində Azərbaycan-Ermənistan sülh prosesinin olduğu Avropa Siyasi Birliyinin 8-ci Sammitinə videokonfrans vasitəsilə qatılıb və Qərb liderlərinə əhəmiyyətli mesajlar göndərib".
AVESTA.AZ xəbər verir ki, bu barədə "Haber Global" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
Qeyd edilib ki, İlham Əliyev Azərbaycanın mayın 1-də Avropa Parlamenti ilə bütün münasibətlərini dayandırmaq qərarı aldığını xatırladıb.
"Azərbaycanla bağlı yalanlarla dolu qərarlar verdilər, bu ikili standartlar əsla qəbul edilə bilməz.
Azərbaycanın ərazi bütövlüyü istənilən dövlətin ərazi bütövlüyü ilə eyni dəyərə sahibdir və bununla bağlı ikili standartlar qəbuledilməzdir", - deyə videosüjetdə İlham Əliyevin sözlərindən sitat gətirilib.
Materialda, həmçinin bildirilib ki, İlham Əliyev Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı əhəmiyyətli addımların atıldığını və Avropa Parlamentinin Azərbaycana qarşı qərarlar qəbul edərək, prosesi dəstəkləmək əvəzinə sabotaj etməyə çalışdığını vurğulayıb.
"Azərbaycan-Ermənistan sülh prosesindəki mövqeyinə görə Avropa Komissiyasına minnətdarlığımı bildirmək istəyirəm, bütün Avropa qurumları eyni yanaşmanı nümayiş etdirmir və bunlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır", - deyə Azərbaycan Prezidenti qeyd edib.
İlham Əliyev 2025-ci ildə Vaşinqtonda təşkil edilən tarixi sammitdən də bəhs edib və Ermənistanla sülh sazişinin paraflanmasından bəri Azərbaycanın 1990-cı illərin əvvəllərindən Ermənistana qarşı tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini təktərəfli olaraq ləğv etdiyini xatırladıb. İlk dəfə Ermənistana neft məhsulları, benzin və dizel yanacağı tədarükünə başlandığını bildirib.
İlham Əliyev, həmçinin türk dünyası üçün kritik əhəmiyyətə malik olan Zəngəzur dəhlizi məsələsinə də toxunub.
"Sülh bizim və Ermənistandakı tərəfdaşlarımız üçün artıq bir reallığa çevrilib. Sülhün digər mühüm nailiyyəti isə kommunikasiyadır. Həm Azərbaycan, həm də Ermənistan sülhün praktik faydalarını indidən görürlər", - deyə Azərbaycan lideri vurğulayıb.
Daha ətraflı videosüjetdə:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.