
Böyük siyasətdə bəzən bir jest yüzlərlə sözdən, uzun-uzadı bəyanatlardan daha kəsərli olur. Yəni səssiz görünən diplomatik gedişlər, əslində, ən gurultulu mesajları verir.
AVESTA.AZ xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri də məhz belə mesajlardan biridir. Kənardan, bəlkə də, sadə bir protokol səfərini xatırladan bu ziyarət, əslində, Brüsselin regiondakı reallıqları qəbul etdiyini göstərən siyasi etirafdır.
Çünki son illər Avropa Parlamentinin bəzi dairələrində Azərbaycanla bağlı süni gərginlik yaratmaq cəhdləri az olmayıb. Müxtəlif qruplar fərqli tribunalardan müxtəlif bəhanələrlə Bakı-Brüssel xəttində etimadı sarsıtmağa çalışıblar. Amma bir məsələni nəzərdən qaçırıblar: böyük siyasət emosiyalarla yox, maraqlarla idarə olunur. Maraqlar isə bu gün Avropa İttifaqını Azərbaycana daha da yaxınlaşdırır.
Kaya Kallasın səfərinin zamanlaması xüsusilə diqqət çəkir. Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə görüşündən dərhal sonra Bakıya gəlmək təsadüfi diplomatik marşrut deyil. Brüssel Cənubi Qafqazın siyasi xəritəsini analiz edərək anlayır ki, regionda sabitlikdən danışmaq, amma Azərbaycanı bu proseslərin mərkəzindən kənarda təsəvvür etmək mümkünsüzdür.
Əslində, münasibətlərin strateji mahiyyəti çoxdan formalaşıb. Bu gün Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq yalnız siyasi dialoqdan ibarət deyil. Bu münasibətlər artıq konkret mexanizmlər - enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və təhlükəsizlik dialoqu üzərində dayanır. Bunlar isə kağız üzərində yazılmış diplomatik niyyətlər deyil, işləyən, nəticə verən, tərəfləri bir-birinə daha sıx bağlayan əməkdaşlıq xətləridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.