
Beş ay əvvəl lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sabiq əməkdaşları azadlığa buraxılıblar.
AVESTA.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanova birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 107 min manatlıq ziyanı tam ödədikləri üçün güzəşt edilib. Onlar Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.
Hökmdən prokurorluq tərəfindən verilən protest və ADY-nin verdiyi şikayətlər də tam təmin edilib. Təqsirləndirilən şəxslərin üzərinə əlavə mülki iddiaları qarşılamaq öhdəliyi qoyulub.
Qeyd edək ki, 58 yaşlı Eldəniz Sadıqov ADY-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi, 37 yaşlı Famil Soltanov isə İnfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin İmişli lokomotiv sahəsində magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib.
Müttəhimlər məhkəmədə 70 ton dizel mənimsədiklərini etiraf edib, əməllərindən peşman olduqlarını deyiblər. Yekun olaraq E.Sadıqov 6 il, F.Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.