
Azərbaycan Tennis Federasiyasının məşqçilər üçün vahid və məcburi akkreditasiya proqramına qeydiyyat davam edir.
QEYDİYYATIN YEKUNLAŞMASINA SON 6 GÜN QALIB !
Azərbaycan Tennis Federasiyası ölkədə tennisin inkişafı, məşqçi fəaliyyətinin vahid standartlara
uyğunlaşdırılması və milli komandalar üçün peşəkar hazırlıq sisteminin gücləndirilməsi məqsədilə tennis
məşqçiləri üçün məcburi akkreditasiya və re-akkreditasiya prosesinə başlayır.
Azərbaycan Tennis Federasiyası mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yeni proses çərçivəsində əvvəllər akkreditasiyadan keçmiş məşqçilərin mövcud statusu yenidən yoxlanılacaq və onların peşəkar fəaliyyətinin hazırkı tələblərə uyğunluğu qiymətləndiriləcək.
Müvafiq standartlara cavab verən məşqçilərin akkreditasiyası yenilənəcək.
Eyni zamanda, bu günə qədər akkreditasiyası olmayan məşqçilərə də federasiya tərəfindən müəyyən
edilmiş qaydalar əsasında akkreditasiyadan keçmək imkanı yaradılacaq.
Federasiyanın əsas məqsədi ölkədə tennis məşqlərinin keyfiyyətini artırmaq, gənc idmançıların düzgün
sistem üzrə hazırlanmasını təmin etmək və milli komandalara namizəd oyunçuların yalnız peşəkar
standartlara cavab verən məşqçi mühitində inkişaf etməsinə şərait yaratmaqdır.
Akkreditasiya və re-akkreditasiya prosesindən keçməyən, yaxud bu prosesdə iştirakdan imtina edən
məşqçilər Azərbaycan Tennis Federasiyasının rəsmi proqramlarında, milli komandaların hazırlıq
prosesində və federasiya tərəfindən tanınan inkişaf layihələrində iştirak edə bilməyəcəklər.
Vacib məqam
Federasiya xüsusilə valideynlərin, yeniyetmə və gənc idmançıların diqqətinə çatdırır ki, akkreditasiyadan
keçməmiş məşqçilərlə məşq edən hər hansı oyunçu gələcəkdə peşəkar karyerası çərçivəsində Azərbaycan
milli komandalarının tərkibində, eləcə də ölkənin adından beynəlxalq yarışlarda çıxış etmək hüququ əldə
edə bilməyəcək, həmçinin Federasiya tərəfindən ayrılan hər hansı maddi dəstək, təqaüd, təlim-məşq
toplanışı, səfər, inventar və digər dəstək proqramlarından yararlana bilməyəcək.
Bu səbəbdən peşəkar tennis karyerası hədəfləyən uşaqlar, yeniyetmələr və gənclər məşqçi seçimi zamanı
federasiya tərəfindən tanınmış və akkreditasiyadan keçmiş mütəxəssislərə üstünlük verməlidirlər.
Valideynlər də bu prosesdə məsuliyyətli yanaşmalı və övladlarının gələcək idman karyerasına təsir edə
biləcək bu məqamı nəzərə almalıdırlar.
Dünyada məşqçilərin akkreditasiya və re-akkreditasiya prosesləri bir çox hallarda ödənişli əsaslarla
həyata keçirilir.
Lakin Azərbaycan Tennis Federasiyası ölkədə məşqçi potensialının inkişafına dəstək məqsədilə bu prosesi ilkin mərhələdə məşqçilər üçün ödənişsiz şəkildə təqdim edəcəkdir.
Akkreditasiya müəyyən müddət üçün veriləcək və müddət başa çatdıqdan sonra məşqçilərin peşəkar
fəaliyyəti yenidən qiymətləndiriləcəkdir.
Hər il yeni məşqçilər üçün akkreditasiyadan keçmək imkanı yaradılacaq. Artıq akkreditasiyadan keçmiş məşqçilər isə müəyyən olunmuş qaydalar əsasında təkrar qiymətləndirmə və re-akkreditasiya prosesində iştirak edəcəklər.
Azərbaycan Tennis Federasiyası ölkədə tennis məşqçiliyinin peşəkar əsaslar üzərində qurulmasını,
məşqçilərin bilik və bacarıqlarının artırılmasını, beynəlxalq təcrübəyə uyğun təlim sisteminin
formalaşdırılmasını prioritet istiqamətlərdən biri hesab edir.
Akkreditasiya və reakkreditasiya prosesindən keçmək istəyən məşqçilərdən şəxsiyyət vəsiqələrinin
surətini və özləri haqqında məlumatları aşağıda qeyd olunan e-mail ünvanına göndərmələri tələb olunur:
Əlaqə: +994 55 694 14 66
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.