
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi parlament respublikasıdır və bir çoxlarından əvvəl qadınlara səsvermə hüququnu tanıyıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Strasburqda 28 May – Müstəqillik Günü münasibətilə təşkil olunan ziyafətdə çıxışı zamanı Avropa Şurasının Baş katibinin müavini Byorn Berqe deyib.
B. Berqe Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O həmçinin cari ildə Azərbaycanın Avropa Şurasının üzvlüyünün 25 ilinin tamam olduğunu xatırladıb və bunu əlamətdar mərhələ hesab edib. Baş katibin müavini ötən dövr ərzində aparılan əməkdaşlığa toxunub və eləcə də Azərbaycanın təşkilatın işinə verdiyi töhfələrdən danışıb.
Çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının 108 il sonra müasir, çoxkonfesiyalı və multikultural dövlət kimi inkişaf etməkdə olduğunu bildirib. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü təmin və suverenliyini tam bərpa edən Azərbaycanın artıq əsas məramının sülh içində yaşamaq, müharibədən zərər çəkmiş bölgələrini yenidən qurmaq, xalqımızın rifahı üçün çalışmaq, habelə qonşuları və dünyanın müxtəlif bölgələrində yerləşən ölkələrlə əməkdaşlıq etməkdən ibarət olduğunu bildirib.
Tədbirə Avropa Şurasının rəsmiləri, diplomatik korpus və habelə yerli ictimaiyyətin nümayəndləri qatılıb.
Zifayət çərçivəsində istedadlı azərbaycanlı pianoçu, Paris Korto Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadə tərəfindən Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.