
Rusiya Ermənistanda Türkiyə və Azərbaycan sərhədlərinə aparan dəmir yolu sahələrinin bərpasının detallarını müzakirə etməyə hazır olduğunu bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
"Cəmi iki-üç gün əvvəl mən onların (Rusiya nümayəndələrinin - red.) nüansları - kim və nə qədər investisiya qoymalıdır və sairəni müzakirə etməyə hazır olduqları barədə siqnallar aldım", - nazir deyib.
Bununla belə, Mirzoyan vurğulayıb ki, çox şey layihənin icra şərtlərindən asılı olacaq. Onun sözlərinə görə, məsələyə hələ aidiyyəti qurumlar tərəfindən baxılmalıdır.
Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu müddəti daha 10 il uzadılmaq hüququ ilə 30 illiyə "Cənubi Qafqaz Dəmir Yolu"nun konsessiya idarəçiliyinə verilib.
Mövcud Rusiya konsessiyasına yenidən baxılması mövzusu Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərdəki dəmir yolu sahələrini bərpa etmək planları fonunda yaranıb. May ayında baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan hökuməti onların yenidən qurulmasını öz hesabına həyata keçirməyə hazırdır.
Paşinyan Moskvaya konsessiyanın dost üçüncü ölkəyə verilməsi imkanını nəzərdən keçirməyi təklif edib, lakin Rusiyanın nəqliyyat naziri Andrey Nikitin sonradan bildirib ki, bu məsələ müzakirə olunmur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.