
"Biz kənd təsərrüfatının gələcəyini məhsuldar, rəqabətqabiliyyətli, iqlimədavamlı, getdikcə daha çox bilik, innovasiya və texnologiyalara əsaslanan inkişaf modelində görürük. Bu baxış cari ilin may ayında Prezident tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb".
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində "Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı deyib:
"Dövlət Proqramında məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılması təbii resurslardan səmərəli istifadə, innovasiya, rəqəmsallaşma və dayanıqlılıq prinsipləri ilə uzlaşdırılır. 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin təxminən 130 min hektardan 300 min hektara çatdırılması hədəflənir. Eyni zamanda, Proqramda iqlimədavamlı aqrar istehsal modelinin gücləndirilməsi və iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur. Beləliklə, Azərbaycan üçün məhsuldarlıq və dayanıqlılıq bir-birinə alternativ məqsədlər deyil. Onlar vahid aqrar transformasiyanın bir-birini tamamlayan iki istiqamətidir. Rəqəmsallaşma isə bu iki istiqaməti birləşdirən mühüm vasitələrdən biridir.
Biz süni intellekt, peyk və məsafədən zondlama texnologiyaları, iqlim və sahə məlumatları, dronlar və sensorların kənd təsərrüfatında daha dəqiq və vaxtında qərarların qəbuluna imkan yaratdığı yeni mərhələyə keçirik".
O bildirib ki, nazirliyin aqrar sahədə Süni İntellekt Təşəbbüsü çərçivəsində məqsədi müxtəlif mənbələrdən əldə olunan məlumatları inteqrasiya edərək onları praktik həllərə çevirməkdir:
"Meteoroloji və iqlim məlumatlarının əldə olunması üçün hazırda 180-dan çox iqlim stansiyasının qurulması prosesinə başlanılıb. Biz eyni zamanda anlayırıq ki, bu transformasiyanı heç bir ölkə təkbaşına həyata keçirə bilməz.
Tərəfdaşlarımızla birgə hazırlanmış və COP29 çərçivəsində başladılan Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü iqlimədavamlı kənd təsərrüfatı sahəsində mövcud səyləri daha yaxşı əlaqələndirmək, maliyyə, bilik, texnologiya və potensialın gücləndirilməsi imkanlarının fermerlər, xüsusilə kiçik fermerlər, qadınlar və gənclər üçün praktik imkanlara çevrilməsinə töhfə vermək məqsədilə yaradılıb. Harmoniya Təşəbbüsünün COP29-dan sonra da, o cümlədən FAST Tərəfdaşlığının flaqman proqramı kimi davam etməsindən məmnunuq. Azərbaycan üçün bu davamlılıq xüsusi əhəmiyyət daşıyır. Biz COP-dan COP-a əməkdaşlığı qətiyyətlə dəstəkləyirik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.