
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Şuşada keçirilən üçtərəfli görüşünün əhəmiyyətindən danışıb.
AVESTA.AZ-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Zakir Həsənov bu fikirləri üçtərəfli görüş çərçivəsində 13-cü protokolun imzalanmasından sonra çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, görüş səmimi və mühüm müzakirələrlə yadda qalır. Onun sözlərinə görə, toplantının Şuşada keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Zakir Həsənov qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin qədim kökləri var. Bu əlaqələr müdafiə və təhlükəsizlik də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır.
O vurğulayıb ki, görüş zamanı üç ölkə arasında ikitərəfli və üçtərəfli formatlarda həyata keçirilən əməkdaşlığın nəticələri müzakirə ediləcək, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.
Nazir bildirib ki, 2026-cı ildə də üçtərəfli formatda bir sıra birgə fəaliyyətlər həyata keçirilib və əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.
Zakir Həsənov çıxışının sonunda Azərbaycan, Türkiyə və Gürcüstan arasında qarşılıqlı etimad, dostluq və əməkdaşlığa əsaslanan münasibətlərin regionda sabitlik və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
"Xalqlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram", - deyə müdafiə naziri bildirib.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.