
"Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə qayğısı ilə təmin edilməsi, onların təhlükəsiz və sabit ailə mühitində böyüməsinə şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir. Uşaqların övladlığa verilməsi və himayədar ailələrə yerləşdirilməsi, onların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması, həmçinin sosial dəstək mexanizmləri vasitəsilə bioloji ailələrinə qaytarılması istiqamətində iş görülür".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən (SXA) bildirilib
Agentlikdən qeyd edilib ki, bu sahədə fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsistemi üzərindən həyata keçirilir:
"Altsistem vasitəsilə müraciətlərin qəbulu və qiymətləndirilməsi, eləcə də müvafiq qərarların qəbulunda şəffaflıq və operativlik təmin edilir.
Uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinin dəstəklənməsi sahəsində idarəetmə 2022-ci ildən etibarən Nazirlik tərəfindən həyata keçirilir. Qeytkipinq mexanizmi çərçivəsində hər bir uşaq üçün Fərdi İnkişaf Planı hazırlanır, uşağın vəziyyəti qiymətləndirilir və onun ehtiyaclarına uyğun qayğı forması müəyyənləşdirilir.
Bu il son zərurət prinsipi əsasında 160 valideyn himayəsindən məhrum olmuş uşaq sosial xidmət müəssisələrinə yerləşdirilib.
Həmin uşaqların bioloji ailələrinə qaytarılması, himayədar ailələrə verilməsi və övladlığa götürülməsi istiqamətində də müvafiq işlər aparılır.
2026-cı il ərzində 88 uşaq ailə himayəsinə qaytarılıb, 261 uşağın isə sosial xidmət müəssisəsinə yerləşdirilməsinin qarşısı alınıb. Müəssisələrdə yaşayan 9 uşaq himayədar ailəyə, 24 uşaq isə övladlığa verilib".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.