
Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə baş verən yanğın təfərrüatı məlum olub.
AVESTA.AZ Baku TV-yə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Ağayar Xanhüseyn oğlu Əliyevin meyiti aşkar olunub.
Sakinlərin iddialarına görə, həmin şəxs 30 ilə yaxındır ki, sözügedən ərzaq köşkündə çalışır və elə orada yaşayırmış. Onlar hadisənin səhər saatlarında yorğanın alışması nəticəsində baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, yorğanın yanması nəticəsində yaranan tüstüdən zəhərlənən şəxs həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
*** 11:40
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Ağayar Xanhüseyn oğlu Əliyevin meyiti aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.