
Sabahdan Azərbaycanda kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılacaq.
BAKU.WS bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.
Məlumata görə, müraciətlərin qəbulunun bərpa edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Fasilənin məqsədi satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə artan müraciətlərin daha operativ qəbulu, daha şəffaf emalı və qiymətləndirilməsi, ərizəçilərə təyin olunan günlərdə seçim imkanının yaradılması, eləcə də elektron sistemin funksionallığının artırılmasıdır.
"Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanına uyğun olaraq, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizmi ərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyə qədər 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Son dövrlər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq istəyən vətəndaşların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, "Elektron ipoteka və kredit zəmanət" sistemi (elektron sistem) üzərindən hər gün 100-dən artıq müraciət qeydə alınır. Nəticədə, elektron sistemdə qeydiyyata alınmış və görüş vaxtı təyin edilmiş müraciətlərin sayı mənzil fondunda seçim üçün mövcud olan (yenilənən kirayə mənzil fondu) yaşayış sahələrinin sayını dəfələrlə üstələyir.
Müraciətlərin müvəqqəti dayandırılması həmin tarixədək elektron sistemdə qeydiyyata alınmış müraciətlərə, onların növbəliliyinə və bu müraciətlər üzrə həyata keçirilən prosedurlara təsir etməyəcək. Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq üçün indiyədək müraciət etmiş 12 mindən artıq vətəndaşın şəxsi kabinetinə görüş günü barədə bildirişlər göndərilib və həmin şəxslər bildirişdə göstərilən tarixdə 2 saylı ASAN Kommunal və ya Sumqayıt ASAN Xidmət mərkəzlərinə yaxınlaşıb müraciətlərini rəsmiləşdirə biləcəklər.
Vətəndaşlara yaranmış müvəqqəti narahatlığı anlayışla qarşılayacaqları üçün əvvəlcədən təşəkkürümüzü bildiririk", - deyə müraciətdə qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.