
Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq edilib.
AVESTA.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
"Təhsilverənlərin geyimi və geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun şəkildə, mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadəyə yol verilmir.
Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, həmçinin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə riayət etməlidirlər. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə yol verilir", - sənəddə deyilir.
Qərarla bağlı xüsusi vurğulanmalıdır ki, burda söhbət vahid formadan yox, geyim ilə bağlı qaydalardan - dress-koddan gedir. Ekspertlərin fikrincə, məktəb müəllimlərinin işgüzar tələblərə uyğun, dress-kod nəzərə alınmaqla geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə baxımından müsbət təsiri var. Çünki işgüzar üslub müəllimin müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulamaqla yanaşı, həm də tədris zamanı lazım olan iş mühitini qorumağa kömək edir.
Təhsil ekspertləri müxtəlif müzakirələrdə onu da qeyd edirlər ki, şagirdlər məktəbli forması geyinirsə, müəllimlər üçün də dress-kod tələbləri yanaşması məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi kimi qəbul edilməlidir. Bu, həm də məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.