
"Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda isə ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılmış 400-dən artıq şirkət fəaliyyət göstərir".
BAKU.WS xəbər verir ki, bunu Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Azərbaycan Türkmənistanla iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.
"Ölkələrimizin mövcud iqtisadi potensialı yeni imkanların araşdırılması və ikitərəfli əməkdaşlığın şaxələndirilməsi üçün möhkəm zəmin yaradır. Birgə Hökumətlərarası Komissiya ikitərəfli münasibətlərimizin inkişafı və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.
Bu ilin iyul ayında Aşqabadda Komissiyanın 9-cu iclası çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq, energetika, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və qarşılıqlı maraq doğuran digər sahələr daxil olmaqla, prioritet istiqamətlər üzrə tərəfdaşlığımızın gücləndirilməsinə dair səmərəli müzakirələr aparmışıq".
Nazir enerji sahəsində əməkdaşlığın da əhəmiyyətini vurğulayıb.
"Energetika əməkdaşlığımızın əsas istiqamətlərindən biri olaraq qalır. Türkmənistan nefti Azərbaycan ərazisi vasitəsilə beynəlxalq bazarlara nəql olunur. Enerji sektorunda əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. SOCAR Türkmənistanda perspektivli neft-qaz yataqlarının işlənilməsi layihələrində iştirak etməkdə maraqlıdır", - deyə Mikayıl Cabbarov əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.