
Bakı-Astara sərnişin qatarının bərpası ilə bağlı məsələ uzun müddətdir müzakirə olunur. Sərnişinlər bu istiqamətdə qatarların nə vaxt hərəkətə başlayacağını gözləyirlər.
Bəs prosesin uzanmasının əsas səbəbi nədir? Problem dəmir yolu infrastrukturunun vəziyyəti ilə, yoxsa sərnişin qatarlarının çatışmazlığı ilə bağlıdır?
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ADY Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm seqmentlərindən olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin əsaslı yenidən qurulmasını davam etdirir:
"Layihə çərçivəsində dəmir yolu yatağı və rels infrastrukturu yenilənir, körpülər və digər mühəndis qurğuları tikilir, enerji təchizatı, rabitə və işarəvermə sistemləri layihələndirilir.
Hazırda yük daşımalarının həyata keçirildiyi bu xətdə sonuncu əsaslı təmir işləri 1980-ci illərdə aparılıb. Layihənin 1-ci mərhələsi Ələt-Osmanlı xətti (60 km) üzrə tikinti işlərinin 60 faizi başa çatdırılıb.
Yenidənqurma işlərinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır. Növbəti mərhələdə qatar parkının yenilənməsindən sonra Bakı-Astara marşrutu üzrə sərnişin daşımalarının bərpası üzrə işlərə başlanılacaq".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.