
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Yeni il korporativ tədbirlərində çıxış etmək üçün qonorarını 6 milyon rubla qədər artırıb.
BAKU.WS xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Məlumata görə, reperin Qazaxıstana səfərindən əvvəl konsert qiyməti 4 milyon rubldan çox olmayıb. İndi isə əsas qonorarla yanaşı, təşkilatçılar sənətçinin və komandasının yol xərcləri üçün təxminən 50 min rubl, Moskva və ətraf ərazilərdə avadanlıqların daşınması üçün isə əlavə 15 min rubl ödəməlidirlər.
Reperin texniki və məişət tələblərindən ibarət xüsusi siyahısında 10 banka şəkərsiz enerji içkisi, meyvələr, giləmeyvələr, çərəzlər, pendir və ət assortisi yer alıb.
Maraqlı məqamlardan biri isə menyuda donuz ətinin olması ilə bağlıdır. Belə ki, təşkilatçılar bu məhsulu menyuya daxil etdikləri təqdirdə 1 milyon rubl cərimə ödəməli olacaqlar.
Bundan başqa, reperin tələbləri arasında bahalı viskilər, şampanlar, siqaretlər, qəlyan və şəxsi qəlyançı da var.
Bildirilir ki, komediyaçı Anton Borisovun adının çəkilməsinə görə də sifarişçiyə 1 milyon rubl məbləğində cərimə tətbiq oluna bilər.
Təşkilatçılar həmçinin mühafizəçi, elit salondan bərbər və həkim təmin etməlidirlər. Uzunmüddətli səfərlər zamanı Nəvai komandasının hər bir üzvünə Rusiyada gündəlik 5 min rubl, xaricdə isə 100 dollar ödənilməlidir.
Qeyd edək ki, Nəvai oktyabrın 14-də Qazaxıstana giriş zamanı saxlanılmışdı. Onun idarə etdiyi avtomobildə qadağan olunmuş maddələr aşkar edilmişdi. Reper dindirmə zamanı həmin maddələrin ona məxsus olduğunu bildirmişdi.
O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilmiş və barəsində iki aylıq həbs qərarı verilmişdi.
Oktyabrın 20-də isə reperin azadlığa buraxıldığı məlum olub. Nəvai barəsində cinayət işinə xitam verilib və o, Rusiyaya deportasiya edilib. Mənbələrin məlumatına görə, sənətçiyə 5 il müddətinə Qazaxıstana giriş qadağası qoyulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.