
Gəncədə uşağına görə aliment ödəməyən qadın cəzalandırılıb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Namazov 2011-ci ildə ailə həyatı qurub və 2014-cü ildə övladı dünyaya gəlib. 2019-cu ildə H.Namazovla həyat yoldaşı arasında olan nikah pozulub və məhkəmənin qərarı ilə uşağın 18 yaşına çatana qədər atasından hər ay 220 manat aliment tutulub. Məhkəmənin hesablamasına görə, uşağın yetkinlik yaşına çatana qədər atadan tutulacaq məbləğ ümumilikdə 28 min 800 manat müəyyən edilib. H.Namazov keçmiş həyat yoldaşı ilə razılaşıb və həmin vaxta qədər inflyasiya nəzərə alınaraq qadına 40 min manat ödəyib. Məbləğ tam ödənildiyi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin icra sənədi üzrə icraata xitam verilib.
2022-ci ildə H.Namazov azyaşlı oğlunun psixoloji vəziyyətinin pisləşməsi barədə məlumat alıb və onun anasından alınaraq öz himayəsinə verilməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib və uşaq anasından alınaraq atasının himayəsinə verilib. Ata övladı üçün ödədiyi alimentin xərclənməmiş hissəsinin geri qaytarılmasını məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə 2023-cü il tarixdən etibarən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün qadından hər ay 220 manat aliment tutularaq ataya verilməsi barədə qərar qəbul edib, həmçinin əvvəllər aliment kimi ödədiyi 40 min manatın xərclənməmiş hissəsi olan 31 min 382 manatın H.Namazova ödənilməsini qət edib. Lakin qadın həmin məbləğləri ödəməkdən boyun qaçırıb. H.Namazov bununla bağlı yenidən məhkəməyə müraciət edib və qadının cəzalandırılmasını istəyib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə qadın 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq tətbiq olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.