
"Rusiya ilə Ukraynanın potensialları müqayisəyəgəlməzdir"
"Qərbin bu bəyanatları Ukrayna xalqının müsibətlərini daha da artıracaq..."
"Qərb bizimlə son ukraynalıyadək vuruşmaq istəyir, bu, Ukrayna xalqı üçün böyük faciədir..."
Peskov Putinin Ukrayna ilə bağlı dediklərinə aydınlıq gətirib
"Rusiya Ukraynada hələ ciddi heç nəyə başlamayıb" deyəndə Rusiya prezidenti onu nəzərdə tutub ki, iki ölkənin potensialları müqayisəyəgəlməzdir, Rusiyanın potensialı o qədər böyükdür ki, hazırda onun yalnız kiçik bir hissəsi Ukraynada hərbi əməliyyatlara cəlb edilib.
Avesta.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı "RİA Novosti" agentliyi yayıb.
"Yox, bu dəfə mən Sizi müdafiə nazirliyinə istiqamətləndirmək istəmirəm. Bu sözləri həqiqətən dövlət başçısı səsləndirib. Lakin dövlət başçısı məhz Qərb ölkələrindən, Kiyevdən səsləndirilən bəyanatlara əsaslanaraq fikir bildirib.
Bu bəyanatlarda deyilir ki, Kiyev, guya, döyüş meydanında qələbəyədək irəliləyəcək. Amma burada Putin, sadəcə, xatırladıb ki, potensiallar müqayisəyəgəlməzdir və Rusiyanın potensialı o qədər böyükdür ki, bu gün xüsusi hərbi əməliyyata bu potensialın yalnız kiçik bir hissəsi cəlb edilib.
Ona görə də Qərbin bütün bu bəyanatları sözün həqiqi mənasında cəfəngdir, həqiqətən cəfəngdir və Ukrayna xalqına bədbəxtlik gətirməkdən, müsibətlərini artırmaqdan başqa bir şey deyil. Bu barədə də prezident Putin deyib".
Xatırladaq ki, iyulun 8-də Vladimir Putin Dövlət Duması fraksiyalarının liderləri ilə görüşündə Qərb dövlətlərinə döyüş meydanında Rusiyaya qalib gəlməyi sınaqdan keçirməyi təklif edib.
"Bu gün biz eşidirik ki, bizə döyüş meydanında qalib gəlmək istəyirlər, - Rusiya lideri deyib. - Nə demək olar? Qoy özlərini sınasınlar. Biz çox eşitmişik ki, Qərb bizimlə "son ukraynalıyadək" vuruşmaq istəyir. Bu, Ukrayna xalqı üçün faciədir və deyəsən, hər şey buna doğru gedir. Ancaq, hər halda, hamı anlamalıdır ki, böyük mənada biz hələ ciddi olaraq heç nəyə başlamamışıq".