
ADA Universitetinin nümayəndələri Gürcüstana səfər çərçivəsində azərbaycanlıların kompakt yaşadıqları, Ermənistanla sərhəddə yerləşən Dmanisi rayonunda müəllim, tələbə və gənclərlə görüşüblər.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, nümayəndə heyəti onlara Gürcüstanın Təhsil və Elm Nazirliyində, Tbilisi Dövlət və Tbilisi Texniki universitetlərində, eləcə də soydaşlarımız yaşayan digər bölgələrdə keçirdikləri görüşlər barədə məlumat veriblər.
ADA Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva və universitetin tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova müəllim, tələbə və gənclərə ADA Universitetinin fakültələri, tələbə qəbulu qaydaları, tədris proqramları, soydaşlarımız üçün yaradılan şərait barədə məlumat veriblər. Bildirilib ki, Gürcüstandakı azərbaycandilli məktəblərdə yarana biləcək kadr problemlərinin həlli üçün təqaüd proqramı da tətbiq olunur. Bu proqram çərçivəsində müəllimlər ADA Universitetində magistr təhsili ala bilərlər.
Görüşlərdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov bildirib ki, digər bölgələrdə olduğu kimi, Dmanisi rayonunun müəllim, tələbə və yuxarı sinif şagirdləri də ADA Universitetinə böyük maraq göstəriblər: "Onlar ilk növbədə Azərbaycan dövlətinin diqqət və qayğısını, ADA Universitetinin soydaşlarımıza yaratdığı şəraiti yüksək qiymətləndiriblər. Müəllim və tələbələr ADA-da magistr təhsili almaq arzusunda olduqlarını bildiriblər. Məktəblərin yuxarı sinif şagirdləri də ADA Universitetində bakalavr təhsili almaq istəyirlər".
Onun sözlərinə görə, ADA-nın əməkdaşlarının keçirdikləri görüşlərdən sonra artıq bir neçə soydaşımız səfirliyə müraciət edib. Səfirlik bütün təklifləri ümumiləşdirib universitetə təqdim edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.