
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə baş tutan “Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində” adlı tədbirdə “Azərbaycan-Türkiyə hərbi-təhlükəsizlik əlaqələrinin Türk Dövlətləri Təşkilatına təsiri” mövzusunda panel iclası keçirilir.
“AVESTA.AZ” xəbər verir ki, panel başlamazdan əvvəl BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev TDT-nin fəaliyyətindən söz açaraq bu gün onun türk dövlətləri arasında münasibətlərdə mühüm rol oynadığını vurğulayıb.
Daha sonra panel iclasında moderatorluq edən BMTM-in şöbə müdiri Cavid Vəliyev bu il TDT-nin 15-ci ildönümünün qeyd olunacağını vurğulayıb:
“Ümumilikdə TDT son 30 ildə üç mərhələdən keçib və mənə görə, dördüncü mərhələyə doğru gedir. Bundan sonrakı mərhələ Türk Dövlətləri Təşkilatının Türk Dövlətləri Birliyinə doğru gedişidir. 2009-cu ildə Naxçıvan sazişi dörd dövlət arasında imzalandı. Amma biz görürük ki, Qarabağ zəfərindən sonra türk dövlətləri arasında inam daha da möhkəmlənib, türk dövlətləri birliyə daha da meyllənib və bu gün biz bunun nəticəsi olaraq Qırğızıstan və Qazaxıstan səfirlərini tədbirdə aramızda görürük. Dünya təkqütblü dünya sistemindən çoxqütblü dünya sisteminə keçir və nəticədə regional əməkdaşlığı gücləndirəcək təşkilatlara tələbat artır. TDT də belə təşkilatlardan biridir”.
C.Vəliyev qeyd edib ki, bir çox birgə layihələr həyata keçiriləcək, düşündürücü məqam bu layihələrin təhlükəsizliyini kimin təşkil edəcəyidir:
“Biz təhlükəsizliyi özümüzmü təşkil edəcəyik, yoxsa TDT-dən kənarda olan başqa biri buna cəlb ediləcək? Panel müzakirədə biz bu məsələni müzakirə edəcəyik”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.