
Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampdan İranın nə üçün nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab verməsini gözləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Gənclər və İdman Nazirliyində çıxışı zamanı deyib.
"ABŞ Prezidenti elan edir ki, İran nüvə hüquqlarından istifadə etməməlidir, lakin "hansı cinayətə görə?" sualına cavab vermir. O kimdir ki, bir milləti qanuni hüquqlarından məhrum edə bilsin? İnsani prinsiplər baxımından, dinindən, məzhəbindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azad insan öz təbii hüquqlarına sahib olmalıdır. Biz də beynəlxalq sistemdə bütün xalqlarla insaf və ədalət əsasında rəftar edilməsini tələb edirik", - Pezeşkian qeyd edib.
İran Prezidenti beynəlxalq qrurumların fəaliyyətsiz olduğunu da diqqətə çatdırıb:
"Bu hərəkətlər qarşısında insan hüquqları iddiasında olan təşkilatlar və hətta Birləşmiş Millətlər Təşkilatı kimi qurumlar yatıb, fəaliyyətsizdir və sadəcə bəzən narahatlıq ifadə etməklə kifayətlənir, halbuki bu cür reaksiyalar belə cinayətlərin qarşılığında yetərli deyil".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.