
"Şabrançay və Dəvəçiçayda güclü sel baş verib. Nəticədə çayların sağ və sol sahilləri sel suları ilə yuyulub, vətəndaşlara məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib".
Oxu.Az xəbər verir ki, bu barədə Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasov Baku TV-yə məlumat verib.
O bildirib ki, sel təkcə yaşayış evlərinə deyil, həmçinin kəndlərarası yollara və ümumilikdə yol infrastrukturuna ziyan vurub. Onun sözlərinə görə, altı körpünün sağ və sol hissələri sel suları ilə yuyulub:
"Yollar keçilməz vəziyyətə düşüb, rayonun qaz xətləri, elektrik dirəkləri və su infrastrukturu zərər görüb. Daxili imkanlar hesabına körpülərdə alternativ yollar çəkilib, müvəqqəti gediş-gəliş bərpa olunub. Eyni zamanda qaz, su və elektrik xətləri bərpa edilib və hazırda kommunikasiyalarda problem qalmayıb. Fövqəladə Hallar Nazirliyi və Şabran Rayon İcra Hakimiyyəti ilə birlikdə komissiya yaradılıb, vətəndaşların fərdi evlərinə baxış keçirilib, aktlar tərtib olunaraq Nazirliyə təqdim edilib".
H.İlyasov əlavə edib ki, Prezidentin Sərəncamı ilə Dəvəçiçayın sağ və sol sahillərində bənd-bərkitmə işləri aparılacaq:
"Ziyan dəymiş evlərdə yenidən tikinti işləri görüləcək. Yol infrastrukturu, elektrik dirəkləri və körpülər yaxın zamanda bərpa olunacaq. İlkin mərhələdə təxminən 50-yə yaxın evə dəymiş ziyan qeydə alınıb. Bu evlərin hamısı tam dağılmayıb, lakin bir çoxunda divarlar və dam örtüyü ciddi zədələnib. Yekun qərarı komissiya verəcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.