
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin atası Nurəddin Əliyevin ifadəsi dinlənilib.
Şahid verilən suallara cavab olaraq oğlu Samir Əliyevin əvvəllər polis tərəfindən qanunsuz əməlinə görə saxlanılmasına aydınlıq gətirib:
"Samir kiminsə birinə borcu olanda həmin adamlarla söhbət edib yoluna qoyurdu. Bir dəfə də havaya atəş açdığı üçün polis çağırılmışdı, gördülər ki, qanuni silahdır, sərbəst buraxmışdılar".
O, daha sonra evdən çıxarılaraq zibilliyə atılan divanla bağlı danışıb:
"Həmin divanı evə gətirəndə 4 nəfər gənc adam zorla yerləşdiriblər. Elmiranın onu evdən təkcə çıxararaq aparması mümkün deyil. Həm də divanı səhər tezdən. Çünki ora yol qırağıdır, hamının işə gedən vaxtı olub".
Şahid həmçinin onu da vurğulayıb ki, həyətdə oğlunun basdırıldığı yerin yaxınlığındakı mandarin ağacını özü əkib.
"Meyit yerdən çıxarılanda fikirləşdim ki, həmin ağacı əkəndə beli bir qədər də o tərəfə vursaydım oğlumun meyitini tapardım. Həyətdə it olsaydı bəlkə o da qazıb çıxardardı".
İfadə verən digər şahid isə təqsirləndirilən Elmira İbrahimovanın bacısı Esmira İbrahimova olub. O, ifadəsi zamanı bacısına Samir Əliyev tərəfindən zülm edildiyini deyib:
"Elmira bir neçə dəfə küsüb ata evimizə gəlmişdi. Sonuncu dəfə Samirin yaxınları onun Türkiyədə olduğunu bəhanə edib geri qaytarmışdılar. Bacım gedib görüb ki, Samir evdədir, heç yerə getməyib. Elmiranın yanına gedəndə bizə qarşı həmişə kobudluq edirdi, onlara gəlməyimizi istəmirdi".
Məhkəmənin növbəti iclası mayın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.