
Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsi, Hüseyn Hüseynli küçəsinin sakinləri yolların baxımsız olması və əraziyə ictimai nəqliyyatın gəlməməsindən şikayət edirlər.
Sakinlərin sözlərinə görə, onların bu məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlərinə hələ ki müsbət reaksiya verilməyib.
"Burada 4-5 min əhali yaşayır. Amma avtobus xətti yoxdur", "Yağışlı-qarlı havalarda uşaqlarımız məktəbə gedə bilmirlər. Xahiş edirik ki, küçəmizə asfalt çəkilsin", - deyə onlar narazılıqlarını bildiriblər.
Sakinlərin şikayəti ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, onlar icra hakimiyyətində qəbul edilib, müraciətləri dinlənilib, aidiyyəti qurumların nümayəndələri tərəfindən əraziyə baxış keçirilib:
"Sakinlərə məlumat verilib ki, Gəncə şəhərində həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri çərçivəsində küçə və prospektlərin mərhələli şəkildə asfaltlanması nəzərdə tutulur. Qeyd olunan ərazidə də növbəti mərhələdə asfalt işləri görüləcək".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, sözügedən ərazidə yol infrastrukturu qənaətbəxş deyil. Yol infrastrukturu ictimai nəqliyyat vasitələrinin təhlükəsiz və sərbəst hərəkəti, manevr etməsi üçün imkan verdiyi təqdirdə marşrutla əlaqələndirmə mərhələsinə baxıla bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.